Tokio, 4 noyabr, AZƏRTAC
Trans-Sakit okean Tərəfdaşlığının (TPP) üzvü olan ölkələrin liderləri Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı Təşkilatının (ASİƏT) noyabrda Manilada keçiriləcək sammiti çərçivəsində bir araya gələcəklər. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Xəbər verdiyimiz kimi, TPP üzvü olan ölkələr uzun sürən müzakirələrdən sonra oktyabrın 5-də Atlantada keçirilmiş son görüş zamanı bu qurumun yaradılması barədə razılıq əldə ediblər. Hazırda razılaşmanın həmin ölkələrin parlamentləri tərəfindən təsdiq olunması prosesi gedir.
Danışıqların ilkin mərhələsində Çili, Yeni Zelandiya, Bruney və Sinqapur iştirak etsə də, sonradan Avstraliya, Vyetnam, Kanada, Malayziya, Peru və ABŞ da prosesə qoşulub. Son olaraq Meksika və Yaponiya ticari tərafdaşlığın prinsiplərinin hazırlanması prosesinə dəvət olunublar.
TPP tarix boyu ən böyük iqtisadi tərəfdaşlıq paktlarından biri hesab olunur. Belə ki, həmin qurumda iştirak edən dövlətlər dünya iqtisadiyyatının 40, ticarət həcminin isə 30 faizini əhatə edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio