Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 2-3-də Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində mədəniyyətlərarası dialoqun dini meyarları üzrə Avropa Şurasının 2015-ci il mübadilə görüşü keçirilib.
Görüşdə ölkəmizi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov təmsil edib.
AZƏRTAC xəbər verir ki, ötən il bu tədbirə Azərbaycan ev sahibliyi edib. Builki görüşün ümumi mövzusu “İnkluziv cəmiyyəti birgə quraq” adlanırdı. Bu tədbir çərçivəsində görüş iştirakçıları “Dinlərin və qeyri-dini inancların radikalizmin və zorakı ekstremizmin qarşısının alınmasında rolu”, “İctimai həyatda dinin rolu və yeri”, “Məktəblərdə dinlər və qeyri-dini inanclar haqqında tədris” kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb, müvafiq təklif və tövsiyələr irəli sürüblər.
E.Nəcəfov çıxışında Azərbaycan Respublikasının din siyasətinin əsas istiqamətlərindən danışıb. Bu siyasətin nəticəsində ölkəmizdə dini etiqad azadlığının təmin olunduğu, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşdıqları və dini radikalizmin qarşısının alındığı diqqətə çatdırılıb. E.Nəcəfov ölkəmizdə dinlərarası dialoqun inkişaf etdirilməsində Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.