Dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilən bu obyektlərlə Azərbaycan dünyaya öz gücünü göstərdi. Həm iqtisadi, həm siyasi cəhətdən güclü olan ölkəmizdə yarışlar da böyük müvəffəqiyyətlə həyata keçirildi.
Lakin, hal-hazırda bu arenalardan bundan sonra hansı məqsədlərlə istifadə edilməsi əsas suallardan biridir.
ANS PRESS-in məlumatına görə, Azərbaycanda keçirilən beynəlxalq yarışlarla əlaqədar olaraq, yeni arenalar tikilib, bəzi köhnə obyektlər isə təmir olunub. Araşdırmalar əsasında deyə bilərik ki, 2012-ci ildə Bakıda “Eurovision” Mahnı Müsabiqəsinin keçirilməsi üçün inşa edilən “Baku Crystal Hall”-a 105 milyon manat vəsait xərclənib.
Gecələr rəngarəng işıqlarla bərq vuran “Baku Crystal Hall” 2012-ci ildə Bakıda “Eurovision” Mahnı Müsabiqəsinin keçirilməsindən sonra burada bir neçə konsert proqramı baş tutub. Amma arenadan daha çox xarici qonaqların tədbirlərinin keçirlməsi üçün istifadə edilir. Belə ki, dünya şöhrətli bir neçə ulduz müğənnilərin burada konsert proqramları baş tutub. Yerli mədəniyyət və incəsənət aləminin nümayəndələrinin burada mərasimlər təşkil etməməsinə kirayə haqqının nisbətən baha olması əsas gətirilir.

“Baku Crystal Hall"
Bu ilin iyununda burada birinci Avropa Oyunları zamanı idmanın voleybol, boks, qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışlar da keçirilib. Hazırda bu məkandan tədbirlərin keçirilməsi üçün az istifadə olunur.
Bakı-2015 Avropa oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı tikilən Bakı Olimpiya stadionu isə bizə 500 milyon manata başa gəlib. Onun 200 milyonu Su idman növləri üçün olan saraya, 110 milyonu Bakı atıcılıq mərkəzinə, 100 milyonu Atletik kəndinin tikilməsinə, 50 milyonu isə Heydər Əliyev və Bulvardakı İdman sarayının yenidən bərpasına sərf olunub.

Bakı Olimpiya Stadionu bu ilin martında tikilib. Stadionda Bakı-2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimləri keçirilib. Avropa Oyunlarından sonra stadionda heç bir idman tədbiri baş tutmayıb. Bir müddət əvvəl Azərbaycan Gənclər və Turizm Nazirliyinin balansında olan Bakı Olimpiya stadionu oktybarın 20-dən təmənnasız olaraq, AFFA-nın balansına verilib. Bundan sonra burada müxtəlif futbol oyunlarının keçiriləcəyi gözlənilir.

Bakı Olimpiya stadionu
Bakı Olimpiya Stadionunun qonşuluğundakı Milli Gimnastika Arenasında da sakitlikdir. Arenanın rəsmi açılışı 2014-cü ilin aprelində olub. Bu kompleks Avropa Oyunları zamanı gimnastika yarışlarına ev sahibliyi edib.
Qurum rəsmisi Nərmin Əzizlidən aldığımız məlumata görə, Avropa Oyunlarından sonra burada hələ ki,heç bir tədbir baş tutmayıb. Ancaq qış üçün yarışların keçirilməsi planlaşdırılır: "Noyabrın 7-si köməkçi zalda batut üzrə yarışlar baş tutacaq. Bundan başqa, fevralda Gimnastika üzrə Dünya Kuboku da Milli Gimnastika Arenasında həyata keçiriləcək. Kubokun mart və iyun aylarında olacağı da gözlənilir", - deyə Nərmin Əzizli bildirdi.

Milli Gimnastika Arenası
Azərbaycan Gənclər və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovadan öyrəndik ki, su idman növləri üçün olan saray və Bakı atıcılıq mərkəzi nazirliyin balansındadır: "Nazirliyin balansında olan bütün arenalar işlək vəziyyətindədir, müxtəlif növ idman məşqləri, yarışları həmin saraylarda keçirilir", - deyə Səmayə Məmmədova söylədi.

Bakı atıcılıq mərkəzi
Dünya təcrübəsinə nəzər salsaq, orada beynəlxalq oyunlardan sonra neqativ halların çox olduğunu aydın şəkildə görə bilərik. Məsələn, Rusiyada Soçi Qış Olimpiyadası oyunları ilə bağlı tikililərə 195.3 milyard rubl (4 milyard manata yaxın) pul xərclənib. Lakin oyunlar bitər-bitməz arenaların bəziləri bərbad vəziyyətdə olduğu deyilir.
Analoji hal Afinada yay olimpiya oyumlarından sonra da baş verib. Stadionların divarları yazılıb. Bəzi hissələri qaçqınlar tərəfindən zəbt olunub.
Pekində isə yarışlardan sonra velosiped yolları və hovuzlar yararsız hala gətirilib.
Bir vaxtlar çoxlu pul qoyularaq Sarayevoda tikilən arenalar Bosniya müharibəsindən dağıdılmış və bir daha bərpa olunmayıb. hal-hazırda da onlar cəmiyyət üçün faydasız olaraq qalır.

Sarayevoda tikilən arena
Amma bəzi ölkələr isə ərazisində bircə dəfə yarışlar üçün istifadə olunan obyektlərdən daha sonralar da başqa istiqamətdə istifadə etməyə başlayıblar və bununla da həmin tikiliyə qoyduğu vəsaiti geri götürməyə nail olublar. Bundan başqa, həmin arenalar ölkədə bəzək üçün deyil, vətəndaşların istifadəsinə verilib.
Bunlardan biri Çində yerləşən Pekin Olimpiyadası və Paralimpiyadası-2008 yarışları zamanı tikilən idman kompleksidir. Çin delikatesi formasında tikilən milli stadiona 471 milyon dollar sərf olunub. Oyunlar bitdikdən sonra Çin hakimiyyəti burada müntəzəm olaraq, böyük idman hadisələri keçirməyə çalışır. Stadionun bir hissəsində qış parkı, əyləncə obyektləri salınıb, bir hissəsində isə mum fiqurlar muzeyi var. Hər il bu muzeyi görmək üçün müxtəlif ölkələrdən bura turistlər gəlir.

Çində Pekin olimpiadası üçün tikilən arena
Helsinkidə 1952-ci ildə tennis üzrə yarışlar üçün tikilmiş qövsşəkilli tennis sarayı oyunlardan sonra uzun müddət ticarət firmaları tərəfindən kirayələnib, 1993-cü ildən etibarən isə Helsinki hakimiyyəti burada muzey yaratmağa qərar verib. Bu gün Tennis sarayı mədəni-əyləncə mərkəzidir: burada şəhər muzeyinin ekspozisiyaları, restoran-kafelər və 14 ədəd kinoteatrlar var.

Helsinkidə tennis sarayı
Yaponiyada 1964-cü ildə dünya üzrə cudo yarışları üçün tikilmiş "Nippon Budokan" stadionu o vaxtdan konsertlərin keçirilməsi üçün nəzərdə tutulub. Dünya üzrə məşhur olan "Beatles", "Kiss", "Bay City Rollers" və s. kimi qrupların konsertləri, məhz, burada həyata keçirilib. Bundan başqa, bir sıra mərasimlər, klip təqdimatı, jurnalistlərlə görüş və s. burada baş tutur.

Yaponiyada "Nippon Budokan" stadionu
Əslində, külli miqdarda vəsait sərf olunub tikilən bu sarayların işlək vəziyyətdə olması sevindirici haldır. Amma təəssüf ki, bu məkanların istifadəsindən gəlir əldə olunmur.
Amma bu arenalarda 2017-ci ilin mart ayında Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunları zamanı da Bakı Olimpiya Stadionu, “Baku Crystal Hall”, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası və s. kimi arenalardan istifadə ediləcəyi gözlənilir.
Beləliklə istər, 2012-ci ildə keçirilən “Eurovision” Mahnı Müsabiqəsi, istərsə də, 2015-ci ildə baş tutan Bakı-2015 Avropa Oyunları kimi IV İslam Həmrəylik Oyunlarının da uğurla keçiriləcəyi şübhə doğurmur.