Şahmar Mövsümov: Dövlət Neft Fondu xərclərin azaldılması üzrə mexanizmlər hazırlayır (MÜSAHİBƏ)

Şahmar Mövsümov: Dövlət Neft Fondu xərclərin azaldılması üzrə mexanizmlər hazırlayır (MÜSAHİBƏ)
14:23 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun ilin yekunları ilə bağlı Trend-ə eksklüziv müsahibəsi

- ARDNF-nin vəsaitləri sosial ehtiyaclar və mühüm layihələrin reallaşdırılmasına xərclənir. İndiyə kimi fonda daxil olan vəsaitlərin həcmi nə qədərdir və onların hansı hissəsi xərclənib?

- ARDNF-nin mövcud olduğu bütün dövr ərzində fondun gəlirləri 117,2 milyard, ümumi xərclər 80,1 milyard ABŞ dolları təşkil edib.

- Hazırda qiymətlərdə neft istehsal edən ölkələrin gəlirlərinə təsir edən azalma müşahidə edirik. Bu proses ARDNF-yə daxilolmalarda necə əksini tapıb? Fond belə stresli vəziyyətlərdə hansı mexanizm və vasitələrdən istifadə edir?

- Şübhəsiz ki, dünya bazarlarında neftin qiymətlərinin ucuzlaşması ARDNF-nin gəlirlərinə təsir edir. Вununla əlaqədar, Fond daxilolmaların və aktivlərin dinamikasının müxtəlif ssenarilərini işləyib hazırlayır. ARDNF-nin dövlət büdcəsi qarşısında, eləcə də sosial və strateji əhəmiyyətli layihələr üzrə maliyyə öhdəliklərinin olduğunu diqqətə alaraq, qısamüddətli dövrdə Fondun aktivlərinin azalması ehtimalı mövcuddur. Uzunmüddətli dövrdə isə Fondun davamlı inkişafının təmin olunması üşün ARDNF xərclərin azaldılması üzrə mexanizmlər işləyib hazırlayır.

- Rubl dəyərdən düşdü. Bildiyimiz kimi, ARDNF-nin investisiya portfelinin bir hissəsini Rusiya rublu tutur, fond Bank VTB-nin səhmdarıdır və Moskvada ticarət mülkiyyətinə malikdir. Bu vəziyyət ARDNF-də (Rusiya bazarında iştirak çərçivəsində) necə əks olunub?

- Öncə qeyd etmək yerinə düşərdi ki, Dövlət Neft Fondunun investisiya siyasətinə əsasən onun vəsaitlərinin 50%-ə qədəri ABŞ dolları, 35%-ə qədəri avro, 5%-ə qədəri ingilis funt sterlinqi, digər 10%-i isə Rusiya rublu da daxil olmaqla, digər valyutalarda yerləşdirilir. 25 dekabr 2014-cü il tarixinə Rusiyaya edilmiş yatırımların dəyəri və investisiya portfelindəki xüsusi çəkisi müvafiq olaraq cari məzənnə ilə 673,0 milyon ABŞ dolları və 1,8% təşkil edir (Bank VTB-nin səhmlərinə investisiya 540,0 milyon ABŞ dolları və ya 1,4% və Moskva şəhəri “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi 133,0 milyon ABŞ dolları və ya 0,4%). Bildirmək istərdik ki, “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin alqı-satqısı ABŞ dollarında həyata keçirilmişdir. Ümumiyyətlə, hal-hazırda Rusiya da daxil olmaqla, inkişaf etməkdə olan ölkələrdəki iqtisadi artım templərinin zəifləməsi, habelə regionda mövcud olan geosiyasi risklər Rusiya rublunun və bir çox inkişaf etməkdə olan ölkələrin valyutalarının ucuzlaşması ilə səciyyələnmişdir. Bu isə öz növbəsində ARDNF-nin Rusiya rublunda ifadə olunan aktivlərinin gəlirliliyinə mənfi təsir göstərmişdir.

25 dekabr 2014-cü il tarixinə Bank VTB-nin səhmlərinə investisiyanın bazar dəyəri ilk investisiya tarixi (21.05.2013) ilə müqayisədə təqribən 54,4 milyon ABŞ dolları (11%) artmışdır. Belə ki, qeyd olunan dövr ərzində Bank VTB-nin səhmlərinə sərmayədən əldə olunan 73,3% gəlirliliyə (qiymət artımı və divident gəliri) Rusiya rublunun ABŞ dollarına qarşı valyuta məzənnəsinin 62,3% aşağı düşməsi mənfi təsir göstərmiş və nəticədə investisiyanın ABŞ dollarında ifadə olunan dəyərində xalis 11% artım müşahidə olunmuşdur. 2014-cü ilin əvvəlindən 25.12.2014-cü il tarixinə qədər olan müddətdə isə Bank VTB-nin səhmlərinə investisiyanın bazar dəyəri 5,3% azalmışdır. Belə ki, qeyd olunan dövr ərzində bankın səhmlərinə sərmayədən 43,1% gəlirlilik (qiymət artımı və divident gəliri) əldə olunsa da, Rusiya rublunun ABŞ dollarına qarşı valyuta məzənnəsinin 48,5% aşağı düşməsi nəticəsində investisiyanın ABŞ dollarında ifadə olunan dəyərində 31,0 milyon ABŞ dolları və ya 5,3% xalis azalma müşahidə olunmuşdur.

ARDNF Moskva şəhəri “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzini 25.12.2012-ci il tarixində 133 milyon ABŞ dollarına satın almışdır. Bu daşınmaz əmlakın 2013-cü ilin sonuna olan son qiymətləndirməyə görə bazar dəyəri 133.2 milyon ABŞ dolları olmuşdur.

Məlum hadisələrin fonunda əsasən valyuta məzənnəsi ilə əlaqədar Bank VTB-nin səhmlərinə olan investisiyanın dəyərində yüksək dəyişkənlik müşahidə olunsa da, ARDNF-nin investisiya strategiyasının da mahiyyətinə uyğun olaraq bu investisiya, eləcə də Rusiyadakı daşınmaz əmlak investisiyası qısamüddətli dövr üçün spekulyativ məqsədlər üçün deyil, məhz uzunmüddətli dövr üçün nəzərdə tutulur. Bundan başqa qeyd olunmalıdır ki, Rusiyanın maliyyə sektoru üçün yüksək sistemik əhəmiyyəti ilə xarakterizə olunan Bank VTB-nin uzunmüddətli dövrdə ciddi problemlərlə üzləşməyəcəyi qənaətindəyik. Qeyd olunanlar bankın hazırkı bazar qiymətlərində də öz əksini tapır, belə ki, son vaxtlarda Bank VTB-nin rublda ifadə olunan qiymətinin davamlı artması da bunun bir göstəricisi kimi başa düşülə bilər.

- ARDNF Parisdə, Londonda, Moskvada və Seulda daşınmaz əmlak sahibidir. Fond Asiyada və Avstraliyada daşınmaz əmlak almaq planlarına malikdir. ARDNF dünya bazarlarındakı kifayət qədər qeyri-sabit vəziyyət fonunda bu planları qoruyub saxlayırmı, yaxud həmin planlar təxirə salınacaqmı?

- Dövlət Fondu kimi, bizim əsas məqsədimiz uzunmüddətli və sabit gəlirliliyi təmin edən daşınmaz əmlakın geniş şaxələndirilmiş qlobal portfelini yaratmaqdan ibarətdir. Bu strategiya cari hadisələrlə əlaqədar dəyişməyib və biz Asiyanın əsas bazarlarında fəaliyyətimizi davam etdiririk.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR