Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə Milli Aviasiya Akademiyası arasında elmi əlaqələr genişləndiriləcək.
Bununla əlaqədar Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun (ETNAPİ) direktoru, akademik Bahadur Tağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Seysmoloji Xidmət Mərkəzində olub.
RSXM–dən AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən qonaqlar Monitorinq Mərkəzinin işi ilə də yaxından tanış olublar. Qonaqlara zəlzələlər, onların qeydiyyatı, telemetrik stansiyaların işi və alınmış materialların emalı barədə ətraflı məlumat verilib.
Görüşdə, həmçinin RSXM və Milli Aviasiya Akademiyası arasında əməkdaşlığın genişləndirilməsi məsələsi, birgə elmi tədqiqatların aparılmasının gələcək perspektivləri müzakirə olunub.