Bakı, 7 noyabr, AZƏRTAC
Bu gün görkəmli bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin müəllifi, SSR Xalq Artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Quliyevin ad günüdür.
Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq simalarından olan Tofiq Quliyev 1917-ci il noyabrın 7-də musiqisevər bir ailədə dünyaya göz açıb. Musiqi qabiliyyətinin tez üzə çıxmasına baxmayaraq, sistemli musiqi təliminə 12 yaşında başlayıb. Gələcək bəstəkarın yaradıcılıq biçiminə onun ibtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, professional musiqi təhsili alan ilk Azərbaycan bəstəkarı Asəf Zeynallının böyük təsiri olub.
AZƏRTAC xəbər verir ki, Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr – mahnıdır. Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanıb. Bu dövr üçün bəstəkarın özəl yaradıcılıq dəst-xətti biçimlənir, yaratdığı yeni üslubda milli-folklor əsası Avropa professional musiqi məktəbinin və Amerika cazının ənənələri ilə üzvi şəkildə uyuşur.
Tofiq Quliyevin mahnılarını Rəşid Behbudovla yanaşı, Rauf Atakişiyev, Lütviyar İmanov, Şövkət Ələkbərova da məharətlə ifa edirdilər. O zamanlar böyük məşhurluq qazanmış “Qaya” vokal instrumental ansamblı Tofiq Quliyevin mahnılarını zirvələrə ucaltdı. 200-dən artıq mahnı yazan Tofiq Quliyev mahnı melodik üslubun təbiətini gözəl duyurdu. Onun mahnı sahəsindəki yaradıcılıq nailiyyətləri sonrakı nəsl bəstəkarlarının yaradıcılığında bir ənənə şəklində davam və inkişaf etmişdir. O, 1951-ci ildə "Azərbaycan xalq rəqsləri" toplusunun hazırlanmasında iştirak edib. Yaradıcılıqla yanaşı, T.Quliyev, həmçinin geniş ictimai fəaliyyəti ilə də seçilib. Bəstəkarın xıdmətləri dəfələrlə ən yüksək dövlət mükafatlarına qeyd görülüb.
Tofiq Quliyev, həmçinin Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. O, ötən əsrin 70-ci illərin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaradıb. Bəstəkar 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Tofiq Quliyev 2004-cü il oktyabrın 4-də vəfat edib.
Görkəmli bəstəkarın əsərləri dünən olduğu kimi, bu gün də, hələ neçə-neçə qərinələr sonra da insanlar tərəfindən boyun sevgi və maraqla dinləniləcəkdir.