Naxçıvan, 7 noyabr, AZƏRTAC
Paytaxt Bakı şəhərindən dəvət olunmuş istedadlı vokal ifaçılarının Naxçıvan Dövlət Filarmoniyasında keçdikləri ustad dərsi maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, ustad dərsində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Musiqi Kollecinin tələbələri, Naxçıvan Dövlət Filarmoniyasının solistləri iştirak ediblər.
Əvvəlcə Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Elman Əliyev çıxış edərək, artıq bir neçə aydır muxtar respublikada müxtəlif sahələr üzrə ustad dərslərinin keçildiyini bildirib. Bu dərslərin gənclərin təhsil aldıqları sahələr üzrə gələcəkdə peşəkar kadr kimi yetişməsinə böyük töhfə verəcəyini qeyd edən Elman Əliyev ustad dərsində iştirak edən tanınmış sənət adamları haqqında tədbir iştirakçılarına məlumat verib.
Azərbaycan Respublikasının Xalq Artisti Samir Cəfərov, Azərbaycan Respublikasının Əməkdar artistləri İlqar Muradov və Cahangir Qurbanov, “Muğam müsabiqəsi-2013” Televiziya Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə çıxış edərək Naxçıvan torpağının yetirmələri olduqlarını bildirib, burada mədəniyyətə, incəsənətə göstərilən qayğıdan danışıblar.
Tanınmış vokalçılar səs diapazonuna uyğun repertuar seçimi, düzgün tələffüz və vurğu, ifa zamanı tənəffüs orqanlarının fəaliyyətinin düzgün tənzimlənməsi, səhnə mədəniyyəti ilə bağlı tövsiyələr veriblər.