Bakı, 7 noyabr, AZƏRTAC
Mərkəzi Klinik Xəstəxanada timus kistası diaqnozu qoyulan körpənin üzərində cərrahiyyə əməliyyatı uğurla icra edilib.
Xəstəxanadan AZƏRTAC-a bildirilib ki, başqa xəstəxanada qeysəriyə əməliyyatı ilə dünyaya gələn körpədə tənəffüs çatışmazlığı əlamətləri başladığı üçün Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. Xəstə dərhal süni tənəffüs aparatına bağlanıb və neonatoloqların səyləri nəticəsində onun vəziyyəti yaxşılaşıb. Müayinələr nəticəsində körpənin döş qəfəsinin divar aralığında naməlum mənşəli törəmə aşkarlanıb. Uşaq cərrahiyyəsi və urologiyası üzrə mütəxəssis Fuad Hüseynovun komandası tərəfindən törəmə çıxarılıb. Əməliyyat xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayevin iştirakı ilə aparılıb. Xəstə tam sağlam şəkildə evə yola salınıb.
Timus kistası uşaqlar arasında ən az rast gəlinən xəstəlikdir. Xarici ədəbiyyatda belə bu diaqnozla nadir hallarda uşaqların doğulduğu qeyd olunur.