Qahirə, 7 noyabr, AZƏRTAC
Misir KİV-lərinin verdiyi məlumata görə, Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub. Dövlət başçıları hər iki ölkənin müvafiq xidmətləri arasında, o cümlədən Misirin və Rusiyanın təhlükəsizlik orqanları və aviasiya xidmətlərinin qarşılıqlı fəaliyyətini əlaqələndirmək vasitəsilə fəal əməkdaşlığın davam etdirilməsinə dair göstəriş vermək haqqında razılığa gəliblər.
Qeyd edilir ki, Rusiya tərəfinin Misirlə aviasiya əlaqəsini dayandırması şəraitində bu qərarın qəbul edilməsi Misirdəki Rusiya vətəndaşlarının təhlükəsizliyinin ən yüksək standartlar səviyyəsində təmin edilməsi zərurətindən irəli gəlir. Prezidentlər qeyd ediblər ki, bütün bu tədbirlər Misirin hakimiyyət orqanları tərəfindən ölkə aeroportlarında təhlükəsizlik tədbirlərinin ümumi səmərəsini artırmağa yönəlib. Tərəflər ümidvar olduqlarını bildiriblər ki, iki ölkə arasında aviasiya rabitəsi yaxın vaxtda bərpa ediləcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə