Akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq Mingəçevir Reqatası keçirilib.
Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Mingəçevirdəki "Kür" Olimpiya və Avarçəkmə Mərkəzində keçirilən ənənəvi Beynəlxalq Mingəçevir Reqatasında müxtəlif yaş qrupları üzrə Azərbaycan, Gürcüstan və Ukraynanın 100-dən artıq idmançısı mübarizə aparıb. Əksər yürüşlərdə Azərbaycan idmançıları üstün olublar.
Ən ciddi rəqabət böyüklərin mübarizəsində yaşanıb. Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə qalib adını 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi Boris Yotov qazanıb. 19 yaşlı avarçəkən finişə 7 dəqiqə 21,06 saniyəyə çatıb. Yotov olimpiadada onunla birgə 2 nəfərlik qoşa avarlı qayıqda mübarizə aparan yeniyetmələr və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu Aleksandr Aleksandrovu 0,53 saniyə üstələyib. Üçüncü yeri isə finişə 7 dəqiqə 35,06 saniyəyə çatan Cavid Əfəndiyev tutub.
Daha bir gözlənilməz nəticə kayakçıların 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşündə qeydə alınıb. Tamerlan Mustafayev 23 yaşadək kayakçılar arasında 2014-cü il Avropa çempionatının bürünc mükafatçısı Mirnazim Cavadovu üstələməyi bacarıb. Mustafayev finişə hamıdan öndə çatdığı halda, Cavadov 4-cü yerlə kifayətlənib. Ukraynalılar - Yevgeni Karabuqa ikinci, Maksim Minin isə üçüncü olub.
Kanoeçilərin mübarizəsində isə Nikita Sablin mütləq qalib olub. Gənc idmançı 1-nəfərlik qayıqla hər 3 məsafədə yürüşdə rəqiblərini üstələyib. Kupin 2-ci yerdə qərar tutub. 3-cü yerdə isə Gürcüstan təmsilçisi Malxaz Tsintçaraşvili qərar tutub.
Yarışda fərqlənən avarçəkənlər medal və diplomlarla təltif olunublar. Beynəlxalq Mingəçevir Reqatasında yüksək nəticələr göstərən Azərbaycan idmançıları müvafiq yığma komandaların heyətinə cəlb olunaraq, təlim-məşq toplanışlarına qatılacaqlar.
Milli.Az