Praqa, 10 noyabr, AZƏRTAC
Çex Respublikasının insan hüquqları naziri İrji Dinstbir “Aktuálně.cz” portalına müsahibəsində hökumət orqanlarının qaçqınların azadlıqlarını məhdudlaşdırmaları ilə razılaşmadığını yenidən bəyan edib. Çexiyanın sərhədlərini qeyri-qanuni keçən qaçqınlar xüsusi düşərgələrə köçürülmək barədə qərar gözləyirlər.
Nazir qaçqınların nəzarət altında saxlanmasının mənasız olduğunu bildirir. O deyib: “Onsuz da bir neçə aydan sonra onlar azad ediləcəklər. Qeyri-leqal miqrantların Şengen zonası ölkələrindən birinə qaytarılması rejiminə də əməl edilmir. Məsələn, Macarıstan onları qəbul etməkdən ümumiyyətlə imtina edir”.
İrji Dinstbirin fikrincə, qaçqınlar taleləri ilə bağlı qərarı yataqxanalarda da gözləyə bilərlər. Bu, uşaqlı ailələrin vəziyyətini xeyli yüngülləşdirər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa