Gəncə, 4 fevral, Sabir Əliyev, AzərTAc
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində maarifləndirici seminar-müşavirəsi fevralın 4-də Gəncədə keçirilib.
AzərTAc xəbər verir ki, Gəncə şəhəri ilə yanaşı, Samux və Göygöl rayonlarının dövlət əmək müfəttişlərinin, eləcə də idarə və müəssisələrdə fəaliyyət göstərən əməyin mühafizəsi şöbələri əməkdaşlarının iştirakı ilə keçirilən seminar-müşavirədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyev çıxış edərək respublikamızda keçirilən “Təhlükəsiz iş ongünlüyü”nün əhəmiyyətindən, eləcə də tədbirin məqsəd və vəzifələrindən danışıb.
Seminar-müşavirədə 21 saylı region üzrə dövlət əmək müfəttişliyinin rəisi Xaqani Səfərov, “Det-al Alüminium” MMC-nin əməyin mühafizəsi şöbəsinin müdiri Rasim Yusifov, “Azərtikintiquraşdırma servis-2” ASC-nin hüquqşünası Şahin Məmmədov, “İlqar-MR” MMC-nin iş icraçısı Sərdar Rəfiyev, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə aparıcı mühəndisi Fəxrəddin İsmayılov və başqaları çıxış edərək istehsalatda əməyin mühafizəsi, işəgötürənlərlə işçilər arasında bağlanan müqavilələrin əhəmiyyəti, əməyin mühafizəsi üzrə görülən işlər, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması istiqamətində həyata keçirdikləri tədbirlər barədə məlumat veriblər.
Qeyd edilib ki, müəssisələrdə əməyin mühafizəsinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, istehsalat xəsarətlərinin və peşə xəstəliyinin azaldılması üçün işçilərin maddi və mənəvi cəhətdən maraqlandırılması böyük əhəmiyyət kəsb edir.
Tədbirdə, həmçinin diqqətə çatdırılıb ki, istehsalat xəsarətlərinin baş verməsinin əsas səbəblərindən biri işçilər arasında maarifləndirmə işlərinin zəif aparılmasıdır. Bəzi hallarda istehsalatda baş verən yüngül və orta xəsarətlərin bir çoxu gizlədilir. Təcrübə göstərir ki, hansı müəssisədə əmək şəraitinin yaxşılaşdırılması məqsədilə lazımi vəsait ayrılıb təyinatı üzrə xərclənirsə, orada müsbət nəticələr əldə olunur. Odur ki, müəssisələrin rəhbərləri istehsalatda baş verə biləcək xoşagəlməz halları qabaqcadan görmək qabiliyyətinə malik olmalı, onların qarşısının vaxtında alınması üçün tədbirlər görməlidirlər.
Seminar-müşavirənin sonunda mütəxəssislər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.