Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Böyük Britaniyanın “Biwater” və onun yerli tərəfdaşı “Nobel Oil” şirkətləri arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb. Memorandum “Biwater” və “Nobel Oil” şirkətləri tərəfindən “Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğuları” layihələri üzrə texniki-iqtisadi əsaslandırma və digər araşdırma işlərinin aparılmasını nəzərdə tutur.
“Azərsu”dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verib, bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. O, su təchizatı və kanalizasiya infrastrukturlarının dünya standartları səviyyəsində qurulması üçün ən yeni texnologiyalardan istifadə edildiyini xatırladaraq, çirkab sutəmizləyici qurğuların layihələndirilməsində Britaniya şirkətləri ilə əməkdaşlığın faydalı olacağını söyləyib: “Çirkab sutəmizləyici qurğuların texniki iqtisadi əsaslandırılması sahəsində böyük təcrübəsi olan “Biwater” şirkəti ilə əməkdaşlığın geniş perspektivləri vardır. Lökbatan və Şüvəlanda təmizləyici qurğuların tikilməsi ilə Abşeron yarımadasında formalaşan tullantı suların əhəmiyyətli hissəsi bu qurğulara yönəldiləcək. Bu layihələrin icrası zamanı tunel və mikrotunel tipli kanalizasiya kollektorlarının tikintisi də nəzərdə tutulur. Hesab edirəm ki, bu layihələrin böyük ekoloji faydası olacaqdır”.
“Biwater” şirkətinin icraçı sədri Edrian Uayt bildirib ki, təmsil etdiyi qurum çirkab suların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır: “Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izləyirik. Qısa müddətdə böyük layihələrin icrasına başlanılmışdır. Şirkətimizin bu sahədə geniş təcrübəsini nəzərə alıb Azərbaycanda tullantı sularının idarə olunması sahəsində irimiqyaslı layihələrin icrasında yaxından iştirak etmək və bu işləri qısa müddətdə icra etmək niyyətindəyik”.
İmzalanma mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq də iştirak edib.
Sənədi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, “Biwater” şirkətinin icraçı sədri Edrian Uayt və “Nobel Oil” şirkətinin baş icraçı direktoru Maykl Rinq imzalayıblar. Sənədə əsasən “Biwater” və “Nobel Oil” şirkətləri Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğularının texniki iqtisadi əsaslandırılmasını işləyib hazırlayacaq.
Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi Agentliyi tərəfindən Abşeron yarımadasında çirkab sutəmizləyici qurğuların və kanalizasiya kollektorlarının tikintisinə 800 milyon ABŞ dolları vəsait ayrılması təklif edilib.
Qeyd edək ki, Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Planının tövsiyələrinə əsasən yarımadanın yaşayış məntəqələrində formalaşan tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması üçün hövzələr seçilib, hər bir hövzə üçün çirkab sutəmizləyici qurğular kompleksləri və magistral kanalizasiya kollektorları layihələndirilib.
Böyük Britaniyanın “Biwater” şirkəti dünyanın müxtəlif şəhərlərində genişmiqyaslı su və çirkab suları təmizləmə texnologiyalarını təqdim edir. Şirkət 90-dan çox ölkədə hidrotexniki qurğularının layihələndirilməsi, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. “Nobel Oil” şirkəti isə Xəzər regionunda mühəndis-layihələndirmə, qazma və layihələrin idarə olunması, texniki və servis xidmətlərinin göstərilməsi, təchizat, satınalmalar və layların məhsuldarlığının artırılması xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşıb.
“Azərsu” ASC “Biwater” və “Nobel Oil” şirkətləri ilə Əməkdaşlıq Haqqında Memorandum imzalayıb