Roma, 11 noyabr, AZƏRTAC
İtaliyanın “İl Giornale” qəzetinin saytında Avropa ölkələrinin üzləşdiyi miqrant böhranı kontekstində azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətindən bəhs edən məqalə yerləşdirilib.
Məqalədə bildirilir ki, son illər 100 minlərlə miqrantın Avropaya axını Qərb mediasının diqqətini qanlı müharibələrdən qaçaraq canını qurtaran qaçqınların probleminə yönəldib. Milyonlarla insanın öz evlərindən qaçmağa məcbur qalması bəşəriyyətin faciəsidir və çox ciddi sosial problemdir. Bu xüsusda azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərini vurğulamaq zəruridir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi nəticəsində bu bölgədə çoxluq təşkil edən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Bir milyondan artıq azərbaycanlı doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib. Bu məsələyə Qərb, xüsusilə Avropa strukturları göz yumurlar.
Müəllif qeyd edir ki, Azərbaycan öz enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edərək sürətli iqtisadi inkişafa nail olub və bu da qaçqın və məcburi köçkünlərin problemlərinə hökumət tərəfindən kifayət qədər diqqət ayrılmasına şərait yaradıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma