Bakı, 13 noyabr, AZƏRTAC
Avropa Film Festivalına həsr olunmuş hədiyyəli müsabiqə elan edilib.
Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, Aİ-yə üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri və “Park Cinema” ilə birlikdə bu günlərdə 6-cı Avropa Film Festivalı keçirilib. Builki festivala 3500-ə yaxın kinosevər qatılıb. Bu il Aİ ölkələri rekord sayda - 18 ölkə olmaqla, müxtəlif dillərdə öz filmlərini nümayiş etdiriblər. Kinosevərlər festivala böyük maraq göstəriblər. Bunu nəzərə alaraq, Avropa Film Festivalına həsr olunmuş hədiyyəli müsabiqə elan edilib. Müsabiqədə iştirak etmək istəyən hər kəs bəyəndiyi filmin posteri altında həmin film barədə qısa şərh yazmalı və niyə məhz bu filmə səs verdiyini izah etməlidir. Aİ nümayəndəliyi ən çox inandırıcı olan iki şərhin müəllifini seçərək, onlara 2016-cı ilin fevralında Berlində keçiriləcək “Berlinale” Beynəlxalq Film Festivalına getmək üçün səyahət paketi hədiyyə edəcək. Müsabiqə noyabrın 20-dək davam edəcək.
Aİ nümayəndəliyi həm də festivalın ən yaxşı filmini seçəcək. Sosial şəbəkədə ən çox bəyənilən film festivalın ən yaxşı filmi sayılacaq.