Bakı, 4 fevral, AzərTAc
Cari mövsümün ikinci yarısında səfərdə “Bakı” üzərində 2:0 hesablı qələbəsi ilə başlayan “Qəbələ” futbol komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Klubdan AzərTAc-a bildiriblər ki, “Qəbələ” birinci divizionda çıxış edən “Zirə”ni sınağa çəkib.
Azərbaycan Dövlər Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən qarşılaşmada “Qəbələ” qalib gəlib – 3:1. Yoxlama oyununun taleyini ilk yarıda iki qol vuran Mixail Sivakov həll edib. Belaruslu legioner 10-cu və 42-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. “Qəbələ”nin üçüncü qolunu isə Ekiqo Ehiosun vurub. O, matçın 67-ci dəqiqəsində rəqibi məyus edib.
“Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu fevralın 6-da öz meydanında AZAL-a qarşı keçirəcək.