Praqa, 16 noyabr, AZƏRTAC
Bazar günü günorta Çexiyanın yepiskop konfransının başçısı Dominik Dukanın çağırışı ilə Çexiyanın hər yerində Fransadakı son terror aktlarının çoxsaylı qurbanlarının xatirəsinə bütün kostyolların zəngi çalınıb. O, çıxışında “avropalılar öz identikliklərini müəyyən yolla itirirlər və bəzi hallarda onları təhdid edən təhlükəni dərk etmirlər” deyərək ikimənalı danışıb.
Dominik Duka, görünür ki, sözünü axıradək deməyib və eyhamını digər mövzuya yönəltməyə tələsib - guya Parisdəki silsilə terror aktları və müsəlman ölkələrindən Avropaya bir çox aylar ərzində davam edən qaçqın axını ilə əlaqədar ehtiyacı olanlara kömək etmək, lakin təhlükəni yaddan çıxarmamaq və ən yaxın adamları qorumaq da lazımmış.
Lakin Duka dəqiqləşdirməyib ki, avropalılar öz identikliklərini hansı yolla itirirlər. Ancaq ifrat sağ qüvvələr bunu ksenofobiyanın və dözümsüzlüyün təbliğində yeni arqument kimi qəbul ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa