Tokio, 17 noyabr, AZƏRTAC
Yaponiyanın mərkəzi hökuməti ABŞ hərbi bazasının yerdəyişməsi ilə bağlı mübahisəni həll etmək üçün Okinava prefekturasının rəhbərliyini məhkəməyə verib.
Hökumətin rəsmi nümayəndələri bu məqsədlə yerli özününidarəetmə ilə bağlı qanuna müvafiq olaraq noyabrın 17-də Fukuoka dairə məhkəməsinin Naha şəhərindəki bölməsinə müraciət edib.
Xəbər verdiyimiz kimi, hökumət ABŞ dəniz qüvvələrinin Futemmada yerləşən korpusunun aviadəstəsini əhalinin daha sıx yaşadığı rayondan Okinava prefekturasının qismən az sakinin yerləşdiyi ərazisinə köçürmək planını reallaşdırmaq niyyətindədir.
Okinava prefekturasının qubernatoru Takeşi Onaqa Naqo şəhərinin Henoko sahili boyunca torpaq işlərinin aparılması barədə onun xələfi tərəfindən verilmiş qərarı ləğv edib. Bu işlər Futemmadakı aviabazanı həmin əraziyə köçürmək məqsədilə aparılır.
Mərkəzi hakimiyyətin həmin qərarını geri çağırmaqla bağlı verdiyi tövsiyəsini qəbul etməyən qubernator, bunu yerli özünüidarəetmənin prinsiplərinin pozulması kimi izah edib.
Bunun cavabında mərkəzi hökumət əlaqədar qurumun qubernatorun qərarını ləğv etməsi üçün məhkəmənin razılığnı əldə etmək istəyir.
Yaponiya hökuməti müvafiq sistemin tətbiq olunduğu son 15 ildə ilk dəfədir ki, problemi yerli özünüidarəetmə haqqında qanunun prosedurlarına uyğun olaraq həll etmək məcburiyyəti ilə qarşılaşıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio