Bakı, 17 noyabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bundan sonrakı dövr ərzində də birbaşa daşınmaz əmlak imkanları ilə yanaşı, daşınmaz əmlak fondlarına investisiyaları da ciddi şəkildə dəyərləndirəcək və müvafiq yatırımlara başlayacaq. Bu yatırımlar ARDNF üçün həm coğrafi olaraq, həm daşınmaz əmlakın inşaat durumu olaraq (hazır və ya tikilməkdə olan), həm əmlakdan istifadə təyinatı olaraq (ofis, ticarət, logistika və sair) geniş imkanlar yaratmaqla yanaşı, gəlirliliyin daha da artırılmasında önəmli vasitə olacaq.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq ARDNF-dən məlumat verilib. Bildirilib ki, fondun daşınmaz əmlak üzrə investisiya strategiyasının ilkin mərhələsini məhz birbaşa yatırımlar təşkil etməli idi ki, ARDNF də bu mərhələnin icrasını uğurla davam etdirməkdədir. Bu yatırımlardan həm stabil olaraq əldə edilən pul axınları, həm də müsbət qiymət fərqi ümumi investisiya portfelinin gəlirliliyinə önəmli töhfə verməkdədir.
Eyni zamanda, fondun birbaşa daşınmaz əmlak yatırımlarında yüksək şaxələndirmənin təmin olunması istiqamətində də uğurları göz qabağındadır və artıq adıçəkilən maliyyə alətinin ən önəmli bazarlarının əksəriyyətində ARDNF təmsil olunmaqdadır. Fondun son hədəfi bu maliyyə alətində bir çox istiqamətləri özündə əks etdirən geniş şaxəli portfelin qurulmasıdır.