Noyabrın 17-i Azərbaycanın ən yeni tarixinə Milli Dirçəliş Günü kimi daxil olduğu tarixdir. Təqvimdə bu günü bayram etməsək də, həmin tarixi yaşayanlar üçün, bütövlükdə xalq üçün əhəmiyyəti çox böyükdür.

Azadlıq meydanının indiyə qədər görmədiyi bu izdiham həmin vaxt Milli Dirçəliş Günündə yaşanmışdı. Elə meydanın adı da o vaxtdan dəyişmiş, sonralar Azadlıq meydanı adlanmışdı.

17 noyabr 70 il azadlığı, kimliyi əlindən alınmış bir millətin sınmış sükutudur. O gün təkcə insanların şüurundakı SSRİ mifi dağılmadı, həm də böyük qardaşın Qarabağ problemini qısa bir zaman kəsiyində həll edəcəyinə olan sadəlövh inam da qırıldı.

Tarixin çərxi dəyişdi. Qızıl bayrağı üçrəngli bayraq əvəz etdiyi kimi Lenin, kommunizm sözlərini də azadlıq, müstəqqillik çağırışları əvəzlədi.

Bu mənada Dirçəliş günü 88-ci il hərəkatının mahiyyətini o qədər dolğun əks etdirir ki, başqa bir söz düşünüb tapa bilmirsən. Millət isə o gün özünü tapmışdı... Xalq hökümət Evinin qarşısında heykəlləşən dahi Leninin məchul bir istiqamətə uzanmış əlinə Azərbaycanın üçrəngli bayrağını vermək qədər cəsarət sahibi olmuşdu. O günlər bütün meydana sahib olan, onu idarə edən bir şəxs də vardı, Sabir Rüstəmxanlı:

“Bu meydanı o günlərdə xüsusilə bir şair, bir fəhlə idarə edirdi. O vaxtlar bu barədə yazırdılar. O zamanlar meydanda siyasi lider yox idi. Ancaq millətin tanıdığı ziyalılar vardı. Millət də onlara inanırdı və dinləyirdi”, deyə Sabir Rüstəmxanlı bildirdi

Amma əsas lider xalq idi. O xalq ki, düz 18 gün meydanda gecəsini gündüz etdi. Və bununla da 70 il xalqın gündüzünü gecə edən imperiyaya meydan oxudu.

Sonrakı proseslər ağrılı oldu. Meydana böyük ideyalar ardınca gələnlər kiçik ambisiyalara görə ayrıldılar. Amma istənilən halda onlar Azərbaycanın tarixinə şərəfli bir gün də yazdılar - Milli Dirçəliş Günü.