Bakı, 19 noyabr, AZƏRTAC
Qərbi Afrikanı bürüyən Ebola epidemiyası artıq sona çatır. Təhlükəli virusun kökü Liberiya və Syerra Leonedə kəsilib. Qvineyada isə Ebolanın inkubasiya dövrü başa çatır. Tezliklə bu ölkədə virusun yayılmasının qarşısı tamamilə alınacaq. Lakin virusun yenidən yayılmaması üçün sayıq olmaq lazımdır.
AZƏRTAC BMT-nin İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, bunu Nyu-Yorkda mətbuat konfransında baş katibin Ebola ilə mübarizə üzrə xüsusi nümayəndəsi Devid Nabarro deyib.
“Dünya Səhiyyə Təşkilatı bir qədər əvvəl Liberiya və Syerra Leoneni Eboladan azad ölkə elan edib. Qvineyada isə bu xəstəliyə tutulan yeni doğulmuş körpəni indi müalicə edirlər. Güman olunur ki, bu hadisə sonuncu olacaq”, - deyə Devid Nabarro bildirib.
O vurğulayıb ki, Ebolaya yoluxmuş 15 min nəfər sağ qalıb, amma onlar inanılmaz çətinliklərlə üzləşirlər. Ebola xəstəliyi keçirənlərin qanında virus bir neçə həftə ərzində yoxa çıxır, lakin bədənin digər orqanlarında, o cümlədən mərkəzi sinir sistemində, prostat vəzində qala bilər. Buna görə bu gün zərər çəkmiş ölkələrdə virusun məhv edilməsi üzərində işləmək üçün bir qədər texniki və maliyyə dəstəyi lazımdır. "Ebolanın doğurduğu stress və inamsızlığı dəf etməliyik. Çalışmalıyıq ki, xəstəlik keçirmiş insanlar və onların ailələri lazımi tibbi yardım ala bilsinlər”, - deyə xüsusi nümayəndə bildirib.
Devid Nabarro qeyd edib ki, Ebola vaksini hazırda tibb məntəqələrdə yoxdur. Hələlik bu vaksindən yalnız sınaq məqsədilə istifadə olunur. Ola bilsin ki, vaksin artıq 6-12 aydan sonra lisenziyalaşdırılacaq.