Bakı, 5 fevral, AzərTAc
AzərTAc Qazaxıstan Şahmat Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, həmin qurum bu ilin fevralından öz fəaliyyətini müvəqqəti dayandırıb.
Səbəb maliyyə vəsaitinin olmamasıdır. “Samruk-Kazına” Milli Rifah Fondu ölkədə və dünyada cari iqtisadi vəziyyətə görə 2015-ci il yanvarın 21-də öz xeyriyyəçilik və sponsorluq fəaliyyətinin dayandırılması haqqında məlumat verib. Bu səbəbdən, habelə digər əlavə vəsait olmaması səbəbindən Qazaxıstan Şahmat Federasiyası çempionatların və kubokların keçirilməsi, idmançıların beynəlxalq yarışlara ezam edilməsi, təqaüdlərin və əməkhaqqıların verilməsi ilə bağlı fəaliyyətini 2015-ci il fevralın 1-dən müvəqqəti dayandırıb.