Milli.Az virtualaz.org-a istinadən Məmməd Süleymanovun yazısını təqdim edir
TV-ni açırsan - terakt, qan... Virtual aləmdə - müharibə, makabrik ovqat... Küçəyə çıxırsan - İŞİD, qətllər... Sanki hər yerdə addımbaşı sənə eyforiya içində təlqin edirlər...Sanki dünyanın sonudur, xilas yoxdur...
Müzakirələr açırlar - İslam fundamentalizminin kökünü kəsməkdə acizik. Bioloji qanunauyğunluq sosiumda işləmir: "Ya qaçış, ya mübarizə". Ən layiqsizlər artıq qaçıb və uzaqdan məsləhətlər verir. Halbuki o "uzaq" da qana bələnib - daha hara qaçacaqlar?

Rasionalizm arxa plana keçib. Bizi qorxudurlar. Halbuki kim qorxmursa, dirənirsə - qalib gələ bilir. Rojavada kürdlər, Latakiyada suriyalılar (fərq etməz - ələvilər, şiələr, pravoslavlar, ermənlər, druzlar, kürdlər, aysorlar, yezidlər...) dirənir.
Dirənənlər - "dərrakəli insan" adlanan növün "qaymaqlar"ıdır. Qalanlar - əksəriyyət isə ballast olmağa məmnunluqla razıdır.
İndi yaşadığımız ən qaranlıq dövrdə adi fərd nə etməlidir? Ona uduzmağı təklif edirlər. Yəni insan olmamağı. Fərq etməz, sosial və intellektual statusundan asılı olmayaraq, bəşər övladına sanki yeni barbarlıqla barışmağı məsləhət görürlər. Mətbuatı başına almış bu səs-küyə başqa izah vermək mümkün deyil.

II dünya savaşından sonra ABŞ-ın müdafiə naziri olmuş Ceyms Forrestal özünü xəstəxananın eyvanından ataraq intihar edir. Dilində "Ruslar gəlir!" kəlməsi ilə. Təbliğat psixozunun daha bir qurbanı.
İndi də bizə "İslamçılar gəlir, qaçın" deyirlər. Halbuki baş verənlər həyatın böhranı deyil, həyata baxışın böhranıdır. Vur-tut.
Ən incə qəlblilər ölüm siyahısında ən öndə gedirlər. Axı onlar insan ağlına və məntiqinə inanırlar. İndi isə məntiq itib və lazımsızlaşıb. Və insanlar birləşib müqavimət göstərmək əvəzinə bir-birini qorxutmaqla məşğuldur.
Sanki insan təkamülü geriyə getməkdədir. Alidən ibtidaiyə doğru.
Bu biabırçılıqlar dövründə ən çətin vəziyyətdə intellektuallardır. O kəslər ki, daim məntiqlə yaşayıblar, maarifçiliyə və insan ağlının gücünə inanıblar, sonunda da məntiqsiz dövrə düşüblər. Stefan Sveyq kimi. Onun faciəsi o qədər aktualdır ki - intellektul fəlakətlə üz-üzə...

***
Dəlilik tutmaları keçirən bu dünya ilə baş-başa qalmış fərd nə edə bilər ki?! Əgər dörd bir yanında həyəcan, ədalətsizlik, dəhşətlər və qüsurlarla dolu dünyanı görürsənsə, Kamyunun söylədiyi "baxış aydınlığı"nı necə saxlamalı? Hər saat, hər dəqiqə bu patologiyaya baxmaq, onu qavramaq, gözünü bir an da olsun absurddan çəkməmək və şüuru heç bir yuxuladıcı vasitə ilə mürgüyə verməmək - bu cür sağ qalmaq mümkünmü? Çətin suallardır.
Əlbəttə, insan permanent həyəcanın lənətli dövrəsindən çıxmağa çalışmalıdır. Gerçəklik hissini saxlamaq istəyirsə - depressiya və intihardan başqa yol qalmır. Salamat qalmaq istəyirsə - şəri "rasionallaşdırır".

Üçüncü yol da var - hansısa ali ideala, yüksək dəyərlərə, ədalət savaşına qoşulmaq. Özünü gerçək ümumbəşəri ideyanın atomu saymaq. Və ümidi rədd edərək, inamını qoruyaraq çarpışmaq.
Bəşər övladları əksər hallarda bu üç yoldan birincisini tutur. Yəni şəri adiləşdirmək üçün əvvəlcə ona izah tapır, bu izah bütün dəhşətlərə zərurət donu geyindirir, bir müddət keçəndən sonra isə artıq şər o qədər gündəlik hala çevrilir ki, fərdlər onu görməzliyə vuraraq mövcudluqlarını davam etdirmək vərdişi qazanırlar.
Bu "rasionallaşdırma" metodları sadədir, yüzillər boyunca dəyişməz qalıb: "baş verənlərin mənə dəxli yoxdur", "od olmasa tüstü çıxmaz", "olanlarda hansısa ilahi məna var". Yaxud da sadəcə: "Güclünü təxribata çəkmək lazım deyildi, zəif özünün zəif yerində oturmalıdır".
Nəticədə insanlar "qaranlıq dövrlər"də dirənişsiz, etirazsız, müqavimətsiz ötüşmək məktəbi keçməyi öyrənirlər. Kim digər iki yolu seçirsə, ya intihar edir, ya da dirənir.
Stefan Sveyq məntiqini itirmiş, xəstə dünyaya baxış aydınlığını bir an da itirməyərək yaşamaq istədi. Alınmadı.
***
Avropada şaxtalı qış, Latın Amerikasında qızmar yaya təsadüf edən 1942-ci ilin 23 fevral günü dünya qəzetləri oxşar başlıqla çıxır: "Məşhur Avstriya yazıçısı Stefan Sveyq və həyat yoldaşı Şarlotta Braziliyada, Rio-de-Janeyro yaxınlığındakı evlərində intihar edib".

Məlumat Hollivud melodramındakı kadrları xatırladan foto ilə müşayiət olunur: ölmüş cütlük yataqda uzanıb. Sveyqin simasında sakitlik var. Şarlotta başını onun sol çiyninə qoyub və sol əliylə onun sağ əlini nəvazişlə sıxır.
Dünyanı cənginə almış və hər gün minlərlə insan həyatını yarıda kəsən müharibə fonunda bu şəxsi faciə yalnız ani sensasiya ola bilərdi ki, elə də oldu. Bir neçə gündən hər şey unuduldu, ya da adiləşdi. Sveyq və Şarlotta Altman isə Yeri könüllü tərk edən cütlüklər siyahısına növbəti sətir yazdı. Seneka və Paulina (düzdür, Senekanın intiharı məcburi addım idi, Neron onun qarşısında şərt qoymuşdu - ya intihar, ya da edam. Paulina ərinə könüllü qoşularaq eyni sonluğu bölüşür).

Yaxud Pol Lafarq və Laura Marks (Karl Marksın qızı)...
Sveyqdən sonra da bu, təkrarlanacaqdı. Məsələn, "Kor edən zülmət"in və "Qladiatorlar"ın müəllifi Artur Köstler sağalmaz xəstəlik səbəbindən 1983-cü ildə dünyanı könüllü tərk edəndə xanımı Sintiya da ona qoşulur. Sintiyanın ölümü ani olur, yazıçı isə daha bir sutka əzab çəkir.
Sveyqin intiharı müasirlərində təəccüb və anlaşılmazlıq doğurur. Tomas Mann isə onu ittiham da edir, hərəkətini "müasirlərinə göstərdiyi eqoistik nifrət" adlandırır.
Onun ölümünü nasizmin almandilli ədəbiyyatdan qopardığı digər intihar etmiş məşhurların ölümləri ilə müqayisə edirlər.

Gestaponun pəncəsinə düşməkdən qorxaraq Fransa-İspaniya sərhədindəki mehmanxanada zəhər içən Valter Benyamin...
Nasistlər Parisə daxil olanda venalarını kəsən Ernst Vays...
Müharibədən çox uzaqda - Nyu-Yorkda boynunu ilgəyə keçirən Ernst Toller...
Ancaq Sveyqin vəziyyəti onların vəziyyətindən çox-çox fərqlənirdi. Sanki intihar üçün heç bir səbəb yoxdu. Nə yaradıcılıq böhranı (yenicə bitirdiyi "Dünənki dünya"nı ABŞ-a, naşirə yollamışdı və "Şahmat novellası"nın nöqtəsini qoymuşdu), nə maliyyə çətinliyi (onu yazıçılar arasında multimilyonçu sayırdılar). Nə fiziki xəstəlik, nə şəxsi həyatında problem! Müharibədən minlərlə kilometr uzaqda, təhlükəsiz Petropolis şəhərində, hörmət və şöhrətin əhatəsində - yaşa və yaz.

Ölümündən sonra onun masasının üzərində üç yarımçıq əlyazma tapılır - Balzakın bioqrafiyası, Mişel Monten haqda esse və adsız roman. Deməli, yazıçı ölməyə yox, hələ yeni əsərlər yazmağa köklənibmiş.
***
Onu taleyin ərköyünü sayırdılar. 1882-ci ilin noyabrında Vyanada yəhudi ailəsində doğulan, özünü "təsadüfi yəhudi" adlandıran Stefanın hər şeydə əvvəlcədən bəxti gətirmişdi.
Əvvəla, valideynlərdə - atası fabrikant, anası məşhur bankir sülaləsindən idi. Valideynləri ona xoşbəxt uşaqlıq və gözəl təhsil verir. İkincisi, məkan və zamanda bəxti gətirir - o vaxtın Vyanası, Avstriya "Gümüş əsri", ədəbiyyatda Rilke, musiqidə Maler və fon Vebern, rəssamlıqda Qustav Klimt... Üstəgəl, Vyana operası, Freyd və tələbələri, yüksək mədəniyyətlə nəfəs alan şəhər...

Sonra müəllimlərində və universitetdə bəxti gətirir. Sonra ədəbiyyatda - erkən nəşr olunmağa başlayır, 16 yaşında yazdıqlarını şəxsən Rilke tərifləyir.
Hətta I dünya müharibəsində də bəxti gətirir: hərbi xidmətə çağırılsa da hərbi arxivdə - qan və ölümdən uzaq bir yerdə çalışır. Halbuki pasifizmi ilə məşhur olan Sveyq o savaşı həvəslə qarşılayanlardan idi.
1914-cü il, avqustun 4-də o, naşir Anton Kippenberqə yazırdı: "Tanrı Almaniyanı qorusun! Çağırış gününü səbirsizliklə gözləyirəm, baxmayaraq ki, adi əsgər kimi xidmət etməyə məcburam".
Və o savaş onu pasifist edir.
Ona əsl məşhurluğu I dünya savaşının bitməsindən sonra yazdıqları gətirir. "İnsanlığın ulduzlu saatları" tarixi miniatürləri, çoxsaylı novella və hekayələr, bioqrafik oçerklər...
O, özünü bütün dünyanın övladı sayırdı. Qitələrin hamısında olur, bir neçə dildə sərbəst danışır. Sanki bu cür kosmopolit şəxsin harada yaşamasının onun üçün heç bir fərqi və çətinliyi yoxdur. O, nostalgiya mərəzindən büsbütün azad olmalıdır. Frans Verfel onu mühacirət həyatına hamıdan daha yaxşı hazır birisi adlandırıb. Ancaq görünür, belə deyilmiş.

Və Petropolisdəki intihardan sonra çoxları Sveyqi son addımı atmağa vadar etmək gücündə olan səbəbləri axtarır. Məsələn, o, 60 yaşa çatmaqdan qorxurdu (intihar zamanı 59 yaşı vardı), bu yaşdan sonra gələn fiziki zəiflik və xəstəlikləri qəbul etmək istəmirdi (eynilə Pol Lafarq 70 yaşdan qorxurdu və 69 yaşında intihar etmişdi).
Yaxud son illərdəki məktublarında enerjisinin tükənməsindən mütəmadi şikayətlənirdi ("Mən imkanlarımın 4-də 1-i ilə çalışıram").
Yaxud intihara təkan olan son səbəb kimi yaponların Sinqapuru ələ keçirmələrini, almanların isə Liviyaya hücumunu göstərirlər.
Yəni Sveyq həyəcan və qorxu içində bu müharibənin Braziliyaya da gəlib çatacağını, ondan gizlənməyin heç yerdə mümkün olmayacağını gözləyirdi. Ona elə gəlirdi ki, müharibə onu addım-addım izləyir və Sveyqin marşrutu (Avstriya-İngiltərə-ABŞ-Argentina-Paraqvay-Braziliya) həm də müharibənin gələcək marşrutudur.
Yəqin ki, Sveyqin faciəsinə ən real izahı özünün "Cənnətdəki kölgələr"ində Erix Mariya Remark verib: "Kökləri olmayan insanlar çox davamsız olurlar - onların həyatında təsadüf həlledici rol oynayır. Əgər həmin gün Braziliyada onların heç olmasa telefonla ürəklərini boşaltmağa bir sirdaşı olsaydı, intihar baş verməzdi".
Bəlkə də. İstənilən intihar - qətldir. Sveyqi qətlə yetirdilər.
Sveyq yadlar arasında yad kimi dünyadan getdi. Onun "Dünənki dünya" memuarlarında I dünya müharibəsinin başlanğıcı, Sarayevo hadisəsi barədə yazdıqlarını oxuyanlar xatırlayar. Sveyq cərrah diqiqliyi ilə Köhnə və Yeni dünyanın sərhədini çəkir. Dünən - gedib, bu gün - anlaşılmazdır. Bu gün Sveyq başdan-başa dezoriyentasiya içindədir. Məntiq ona bu məntiqsiz dünyanı anlamaqda köməkçi ola bilmir.
O, I dünya müharibəsinin başlanması üçün heç bir zərurətin, obyektiv səbəbin olmamasını yazanda dünyanın təsadüflərin əlində oyuncağa döndüyünü deyir (bu cür fikirləri Mark Aldanov da "Ulm gecəsi"ndə inkişaf etdirir). Və Yeni dünyada Sveyqin öz vəziyyəti onun "Bukinist Mendel"indəki baş qəhrəmanının vəziyyətindən çox da fərqlənmir.
Yox, bir fərq hər halda var - Mendel sadəcə öz işi ilə məşğul olmaq istəyir. Onu ətrafdakı müharibə o dərəcədə maraqlandırmır ki, o, bu müharibədən hətta tam xəbərsizdir. Sartrın təbirincə, "anqajement" fiqur olan Sveyq isə bixəbər və biganə qala bilməz. O, mövqeyi olan fəal vətəndaşdır. Ancaq hanı o vətən?
Faşistlərin gəlişi ilə Sveyq zorən səyyaha dönür. Nə vaxtsa o, həvəslə dünyanı gəzirdi, müşahidələrindən ölməz əsərlər yaranırdı. İndisə o, Filippində rastlaşdığı Amokun hər yana yayılmış epidemiyasını görür. O, dəli olmuş dünyadan qaçmaq və sakit bir guşə tapmaq istəyirdi - İngiltərə, ABŞ, Braziliya... O oraq-çəkiclə svastikanın arasında əzilirdi. SSRİ-yə skepsis, nasizmə nifrət. Və nasizmin bütün dünyanı ələ alacağından qorxu. Çox güclü, həyata bağlılığı da kölgədə qoyan qorxu. Öz dünyasını itirmiş sərgərdan. Və intihar. Məntiqsiz, dəli dünyada məntiq məhz çıxıb getməyi diqtə edirdi. O da getdi. Sonadək məntiqi qalaraq.

Kamyu isə "Kaliqula"da sonuncunun dili ilə deyirdi: "Dünyada sonadək məntiqi qalmaq mümkün deyil".
Elədir - əgər getməyib qalırsansa...
***
Herman Hesse "Yalquzaq" romanında yazırdı: "Dövrlər var ki, bütöv bir nəsil iki fərqli dövrün, iki fərqli yaşayış tərzinin arasında qalaraq öz vərəsəliyini, müdafiəsini və şərəfini itirir".
Sveyq iki dövrün arasında əzilən bir nəslin övladı idi. İnsan ağlına və tərəqqiyə inanan yazıçıya həyatdan çıxıb getmək öz gənclik ideallarının necə məhv olduğunu görməkdən daha asandı.
Və bu nostaljini Sveyq "Dünənki dünya"sında bu cür ifadə edir: "Bu, hətta illüziya idisə, indiki ideallarla müqayisədə əsrarəngiz və nəcib, daha insani və həyati illüziya idi. Bütün təcrübə və peşmanlıqlara baxmayaraq qəlbimin dərinliyində mənə onlardan bütünlüklə imtina etməyə nəsə mane olur. Gəncliyimin ideallarından sonadək əl çəkə bilmərəm və inamım qalır ki, nə vaxtsa, heç nəyə baxmayaraq işıqlı gün gələcək".
***
Sveyq özündən sonrakılar üçün vida məktubu qoyub. Orada isə bu cümlələr var: "Yeni həyata başlamaq üçün 60 yaşdan sonra xüsusi qüvvə tələb olunur. Vətəndən uzaqdakı sərgərdan illər gücümü tükəndirib. Üstəlik, əsas sevinci intellektual əmək, ali dəyəri isə fərdi azadlıq olan mövcudluğumun nöqtəsini indi, başımı dik tutaraq qoymaq daha yaxşıdır. Bütün dostlarımı salamlayıram. Kaş onlar uzun gecədən sonrakı şəfəqi görsünlər! Mən isə çox səbirsizəm və onlardan əvvəl gedirəm..."
Milli.Az