Azər H.Həsrət

2007-ci ilin sonlarında Azərbaycan TV və radiolarında rus dilindən
istifadəyə qadağa qoyulması üçün bir sıra addımlar atıldı. Milli
təəssübkeşliyinə heç şübhə etmədiyim Milli Teleradio Şurasının sədri
Nuşirəvan Məhərrəmli xüsusi təkidlə bu məsələnin üstünə gedib, artıq
rus və başqa əcnəbi dillərdə verilişlərin yayımlanmasına son verilməsi
üçün səlahiyyətləri çərçivəsində çox önəmli addımlar atdı. Yəni adam
birmənalı şəkildə dedi və qərarlaşdırdı ki, Azərbaycan TV və
radiolarının artıq əcnəbi dillərdə verilişləri efirə verməsinin sonu
gəlməlidir. İndi buyurun, ana dilimizdə veriliş yayımlayın.

Ancaq təəssüflər olsun ki, hələ də rus boyunduruğundan və əsarətindən
daxilən qurtula bilməyən bir dəstə Nuşirəvan bəyin üzərinə yeriyib
iddia etdi ki, rus dilini qadağan etməkdə haqlı deyilsiniz. Sən demə,
Azərbaycan xalqının çox böyük əksəriyyəti bu dildə verilişlərə
üstünlük verir. Təbii ki, əsassız iddia idi. Əsassız olduğu üçün ayaq
açıb yeriyə bilmədi və bu zaman biriləri siyasi şantaja qalxışdılar.
Nə bilim, guya Azərbaycanda antirus əhvali-ruhiyyəsi varmış. Guya
Nuşirəvan bəyin bu addımı qardaş və dost Azərbaycan və rus xalqları
arasına nifaq salacaqmış və s. Hətta bəzi adamlar xüsusi olaraq rus
dilində yayımlanan "Nə, harada, nə zaman" adlı verilişin efirdən
getməsinin ölkə intellektualları üçün ciddi itki olacağını iddia
etdilər. Nə isə, bütün bu basqılara sinə gərməkdə çətinlik çəkən
Nuşirəvan bəy geri addım atdı və yalnız daha bir il rus dilində
istisna hallarda verilişlərin yayımlanmasına izn verdi. Bu izni
alar-almaz biriləri ortaya atılıb sağa-sola yenə də rus dilində xəbər
və verilişlər yaymağa başladı. Hətta Azərbaycan dilində olan ana xəbər
buraxılışlarında rusdilli birisindən elə həmin dildə aldıqları
müsahibələri də tərcüməsiz efirə verməkdən çəkinmədilər. Baxmayaraq
ki, MTRŞ belə olan halda altyazı ilə səslənən fikirlərin tərcüməsinin
zəruri olduğunu deyirdi. Hətta bir az irəli gedib rus dilində filmlər
yaymağa da üstünlük verdilər. Elə bil biriləri Azərbaycanda oturub
Azərbaycan xalqına və dövlətinə meydan oxuyurdu...

Zaman keçdi. Bir il bitmək üzrədir. İndi Nuşirəvan bəyin ötən il
səsləndirdiyi fikirlərin üzərinə qayıtmasına ehtiyac var. Yəni artıq
bütün TV və radio kanallarına rəsmən məktub göndərib onlara birmənalı
şəkildə anladılmalıdır ki, 2009-cu il yanvarın 1-dən başlayaraq rus
dilində hər hansı yayıma son qoyulmalıdır. Özü də bu son qoymada heç
bir güzəşt yeri olmamalıdır. Yəni artıq Azərbaycan özünə görə
oturuşmuş bir dövlətdir. Onun Konstitusiyasında birmənalı şəkildə
dövlət dilinin hansı dil olduğu göstərilib. Üstəlik əhalinin də artıq
böyük bir hissəsi rus dilində heç nə anlamır (yəni anlamağa da borclu
deyil, baxmayaraq ki, biz əcnəbi dillərin öyrənilməsinin qızğın
tərəfdarıyıq). Yəni məntiq özü də bizi ona səsləyir ki, TV və
radiolarımız hansısa azsaylı bir tamaşaçı auditoriyası xatirinə əsas
tamaşaçı kontingentindən imtina edərsə, özünə zərər vurmuş olar. Buna
görə də Nuşirəvan bəyin bir daha hərəkətə keçməsinə və bu dəfə son və
qəti addımlar atmasına gərək var. Bir zamanlar prezident Heydər Əliyevin
əlifba ilə bağlı atdığı addım kimi. Hər kəs xatırlayır ki, uzun illər
çözülə bilməyən latın əlifbasına keçid məsələsini Heydər Əliyev
cənabları bir günün içində fərman verib qısa an içində də həll etdi.
Elə o zaman da dirəniş göstərmək istəyənlər oldu. Ancaq
qarşılarındakının qətiyyətini görüncə, geri durub susdular və əlifba
məsələsi birdəfəlik bitdi. İndi də, bizcə, Nuşirəvan bəy öz qərarını
bir daha səsləndirərsə və hazırkı prezident İlham Əliyev Heydər
Əliyevin o zamankı qətiyyətini təkrar edərsə, məncə bu dil məsələsi də
keçmişdə qalar.

...Əlbəttə, biz də ictimaiyyət nümayəndələri olaraq bu cür addım
atılacağı təqdirdə ən ciddi dəstəyimizi verməkdən heç geri duran
deyilik.

azer@azerhasret.com