Doğum günündə Vahid Əziz keçmiş qələm dostları ilə üz-göz oldu. Belə ki, 70 yaşını qeyd edən Vahid Əziz xoş günündə onu təbrik etmədiyinə görə AYB sədri Anarın və birliyin katibi Fikrət Qocanın bostanını daşlayıb.
"Mən Qarabağ müharibəsində olanda Anarla Fikrət Qoca Türkiyədə gizlənmişdilər. İndi yubileyim münasibəti ilə "Ədəbiyyat" qəzetində məni quru təbrik də etmədilər", - Vahid Əzizin ittihamına qarşı tərəfin cavabı özünü çox gözlətməyib.
Publika.az-a açıqlama verən Fikrət Qoca həmkarını ağıllı olmağa səsləyib:
"Vahid Əziz 70 yaşına gəlib çatıb, amma yeddi gün gözləməyə səbri çatmayıb. "Ədəbiyyat" qəzeti onun yubileyini şənbə günü təbrik etməcəyəkdi ki? Bu gün doğum günüdür, bu həftə də təbrik edəcəklər. Amma cığallıq etmək, bəhanə ilə bostanımızı daşlamaq lazım deyildi. Ağzına gələni danışır, ayıb olsun. O müharibəyə gedəndə biz də burada boş oturmamışıq. Türkiyəyə getmək Türkiyədə gizlənmək anlamını vermir. Elə bilirəm bu sözünə görə utanacaq. Biz ad günündə onunla görüş də təşkil edərdik, bunun üçün bizə müraciət etməliydi. Gəlsin desin, biz də təşkil edək".
Qeyd edək ki, uzun müddətdir Vahid Əziz AYB-dən ayağını kəsib.
Milli.Az