Abşeronda başqasının əmlakını qanunsuz satmaq yolu ilə pul qazanmaq eşqinə düşən şəxs saxlanılıb.

ANS TV-nin məlumatına görə, 47 yaşlı İsmayılov Zal Cahan oğlunun törətdiyi cinayət əməlini zərərçəkmiş Mirzəyev Aqşin Hüseyn oğlunun şikayəti əsasında Abşeron RPİ-nin istintaqçıları ifşa edib. Zərərçəkmiş şəxs polisə müraciətində Zal İsmayılovun dələduzluq yolu ilə ondan aldığı 15 min manat pulu qaytarmadığını bildirib. İsmayılov isə verdiyi yalan ifadəsilə diqqəti dələduzluq faktından yayındırmağa çalışıb.

Saxlanılan şəxs Zal İsmayılov 15 min manat miqdarında götürdüyü borcu notarial qaydada aldığını və ödəmə vaxtının hələ dekabrda bitdiyini bildirib.

Hələ öhdəliyin vaxtının bitməməsinə baxmayaraq, Aqşin Mirzəyevin polisə şikayət etməsinin səbəbini Zal İsmayılov özü də izah edə bilməyib.

Dələduzluqla 15 min manat mənimsəyən şəxs tutuldu (VİDEO)
Zal İsmayılov - saxlanılan şəxs

Ancaq aparılmış araşdırmalar müəyyən edib ki, İsmayılovun danışdıqları əslində cinayətin motivinin ona sərf edən və təhrif edilmiş bir ssenarisidir.

Zal İsmayılov Aqşin Mirzəyevdən pulu adi borc kimi deyil, qanunsuz olaraq ona satdığı bir evin müqabilində alıbmış. Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən həmin fərdi yaşayış evi isə həqiqətdə Mirzəyev Vahid Xanəli oğluna məxsusdur. Zal İsmayılov Vahid Mirzəyevdən xəbərsiz onun yenicə tikib-təmir elətdirdiyi evi satmaq üçün hətta maklerə də müraciət edib. Təxminən 45-50 minlik evin cəmi 15 min manata satıldığından xəbər tutan Aqşin Mirzəyevin gözünə onun sənədsiz satılması da görünməyib.

İndi məsələ Abşeron RPİ-nin İstintaq şöbəsində araşdırılır. Zal İsmayılov cinayət məcəlləsinin 178.3.2-ci maddəsilə təqsirli bilinib və artıq barəsində həbs-qətimkan tədbiri seçilib.