Bakı, 24 noyabr, AZƏRTAC
2016–2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodik seminar keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, seminarda statistik göstəricilər əsasında hazırlanmış, 2015-ci ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində istifadə edilmiş xarici dillər üzrə test tapşırıqlarının elmi-metodik təhlilinə aid təqdimatın davamı olub.
Bakalavrların ayrı-ayrı xarici dillər üzrə 2014-cü və 2015-ci illərdə imtahanlarda əldə etdikləri nəticələr müqayisəli şəkildə təhlil edilib. Onların cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları və yol verdikləri səhvlərin səbəbləri barədə fikir mübadiləsi aparılıb. Çıxış edən mütəxəssislər təqdim edilən test tapşırıqları və ümumilikdə bakalavrların xarici dil üzrə hazırlıq səviyyəsi haqqında fikirlərini diqqətə çatdırıblar.
Səslənən təkliflərin xarici dillər üzrə mövcud test banklarının təftişi və təkmilləşdirilməsi, həmçinin yeni test tapşırıqlarının tərtibi və ekspertizası zamanı nəzərə alınması məqsədəuyğun hesab edilib.