Moskva, 25 noyabr, AZƏRTAC
Türkiyə qırıcı təyyarələrinin vurduğu Su-24 bombardmançı təyyarəsinin şturmanı sağdır və Rusiya və Suriya xüsusi hərbi bölmələri tərəfindən xilas edilib. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib. O bildirib ki, şturman Rusiya hərbi bazasına gətirilib.
Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi general-leytenant Sergey Rudskoy Moskvada bildirib ki, Rusiya bütün potensial təhlükə yarada biləcək hədəfləri dərhal məhv edəcək və Türkiyə ilə hərbi əlaqələri dayandıracaq. O qeyd edib ki, RF Silahlı Qüvvələrinin Baş Qərargahı sərt qərarlar qəbul edib. Bundan sonra hərbi əməliyyatlar zamanı bombardmançı təyyarələri qırıcı təyyarələr müşayiət edəcək. Bu məqsədlə “Fort” hava hücumundan müdafiə sistemi ilə təchiz edilmiş “Moskva” kreyseri Latakiya rayonunda gətiriləcək və Rusiya üçün potensial təhlükə törədən bütün hədəflər dərhal məhv ediləcək.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva