Sevinc Fətəliyeva: Radikallaşmanın qarşısının alınmasında təhsil və dialoq çox önəmlidir

Sevinc Fətəliyeva: Radikallaşmanın qarşısının alınmasında təhsil və dialoq çox önəmlidir
13:53 4 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC 
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurasının Şimal-Cənub Mərkəzinin təşkil etdiyi “Lissabon Forumu-2015”də “Radikallaşmanın qarşısının alınmasında təhsil və dialoqun rolu” mövzusunda çıxış edib.
S.Fətəliyeva deyib ki, təhsil və dialoq radikallaşmanın qarşısının alınması üçün görülən tədbirlərin ən önəmlisidir. Radikallaşma müxtəlif formalarda ola bilər: gənclər ekstremist siyasi hərəkatlara və ya dini xarakterli hərəkətlərə cəlb edilə bilər. Bu iki anlayış bir-birinə bağlıdır. Gənclərin radikallaşmasının, ekstremizm və terrorizmə qoşulmasının səbəbi odur ki, onların həyatlarında və ya şüurlarında hansısa boşluq əmələ gəlir. Müəyyən ekstremist qruplar bəzilərinin həssas vəziyyətlərindən istifadə edərək onları mənfi istiqamətə yönəldirlər. Radikallaşmanın qarşısını almaq üçün bir neçə məqam nəzərə alınmalıdır:
- Təhsil, ölkədə mühit, dialoq təşkil edilməsi imkanı, uşaqların internetdə təhlükəsizliyi;
- Şəxsiyyətin formalaşması və biliklərin dərinləşməsində keyfiyyətli təhsil və təlimləri təmin etməklə iş bazarlarında bərəbər hüquqların təmin olunması, gənclərin məşğulluğuna diqqət yetirilməsi;
- Mədəniyyətlərarası və dinlərarası dialoq yaradaraq müxtəlif sistemli dəyərlər arasında qarşılıqlı anlayış və hörmətə nail olmaq;
- Təhlükəsiz internet siyasəti;
- Ailələr və məktəblər tərəfindən internetdə uşaqların fəaliyyətinə nəzarət edilməsi;
- Radikal təbliğat və internetdə radikal hərəkətlərə qarşı mübarizə (bir çox gənclər yeni texnologiyalar vasitəsilə radikal hərəkatlara cəlb olunur).
Komitə sədrinin müavini deyib ki, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda digər din və mədəniyyətlərə dözümlü münasibət yaşam və həyat tərzinə çevrilib. Ölkəmizdə müxtəlif millətlərin, dini konfessiyaların birgə yaşaması nadir nümunədir. Dini icmalar arasında daim möhkəm dözümlülük, qarşılıqlı anlaşma olub, milli, irqi, dini ayrı-seçkilik müşahidə edilməyib, ayrı-ayrı dinlərə etiqad bəsləyən insanlar mehriban bir ailə kimi yaşayırlar.
Müasir dövrdə də ölkəmizdə bu zəngin ənənə qorunub saxlanılaraq uğurla davam etdirilir. 
Digər dinlərə və mədəniyyətlərə dözümlü münasibət, onlarla qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının tolerantlığından, multikulturalizmin dövlət siyasətinin tərkib hissəsi olmasından irəli gəlir.
 Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli mənəvi sərvətidir.
Bu gün dini radikalizm demək olar ki, dini inancından asılı olmayaraq bütün dünyada təhdid doğurur və hazırda terrorçu təşkilatların əsas mahiyyətini təşkil edir. Azərbaycanda isə xalq ənənəvi İslam dəyərlərinə önəm verdiyi üçün radikal qrupların apardığı təbliğat heç bir nəticə vermir. Cəmiyyət birmənalı olaraq radikal qrupları qəbul etmir və bu sahədə aidiyyəti qurumlar tərəfindən müntəzəm olaraq maarifləndirmə işləri aparılır.
S.Fətəliyeva deyib: “Dünyada gedən proseslər onu göstərir ki, radikallaşma, ekstremizm, terrorizm, münaqişə və miqrasiya sonsuz dairə təşkil edən, bir-birinə bağlı olan anlayışlardır. Bizim məqsədimiz heç olmasa dairənin bir bəndini həll etməkdir. Bunun müsbət həllinə isə birlikdə addımlayaraq və öz təcrübələrimizi bölüşərək nail ola bilərik.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sevinc_Feteliyeva_Radikallasmanin_qarsisinin_alinmasinda_tehsil_ve_dialoq_chox_onemlidir-908221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR