Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycanın informasiya texnologiyaları şirkətlərinin iştirak etdiyi konsorsium Tanzaniya Gəlirlər İdarəsinin İnteqrasiya olunmuş Daxili Vergi İnzibatçılığı Sisteminin tətbiqi üzrə keçirilən tenderdə iştirak edir.
Bu konsorsiuma Azərbaycanın “Sinam”, “Cybernet” və “Bestcomp Group” şirkətləri və yerli tərəfdaş qismində Tanzaniyanın “MFI Document Solutions” şirkəti daxildir. Konsorsium çərçivəsində operator “Sinam” şirkəti olacaq.
“Sinam” şirkətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda ilk dəfə olaraq şirkətlərimiz birgə xarici ölkədə informasiya texnologiyaları üzrə layihə reallaşdırmaq üçün müsabiqədə iştirak edir. Qeyri-neft sektorunun inkişafı və ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq milli şirkətlər dünya bazarlarına kooperasiya olunaraq çıxırlar.
Tenderdə iştirak etmək üçün 40-dan artıq şirkət müraciət etsə də, yalnız “Sinam” şirkətinin başçılıq etdiyi konsorsium və Keniya, Braziliya, Cənubi Afrika Respublikası, Kanada, Zimbabve və Lüksemburqdan olan ümumilikdə 8 şirkət öz təkliflərini təqdim edib.
Konsorsium yaradılarkən onun iştirakçılarının Tanzaniyada keçirilən tenderin predmetinə uyğun olaraq oxşar layihələrdə iş təcrübəsi, kadr potensialı, maliyyə imkanları və respublika xaricində fəaliyyəti nəzərə alınıb.