“Tələsin insanlar, tələsir zaman…”Xalq Şairi Cabir Novruzun xatirəsi anılıb

11:23 7 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
İnsana, təbiətə, həyata bağlı olan unudulmaz şairimiz Cabir Novruz yaşasaydı 82 yaşı tamam olacaqdı. “Tələsin insanlar, tələsir zaman…” - deyərək hər kəsi həyatı sevməyə, onu zövqlə yaşamağa çağıran şair artıq 13 ildir ki, aramızda yoxdur. Ancaq onun işıqlı, nurlu xatirəsi hər zaman bizimlədir. Bu səbəbdən də Dirili Qurbani Məclisinin təşkilatçılığı ilə XX əsr Azərbaycan poeziyasının parlaq simalarından olan Xalq Şairi Cabir Novruzun anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məclisin sədri, şair-publisist Tariyel Abbaslı Cabir Novruzun yaradıcılığından söhbət açıb. Onun əsərlərində xalqımızın həyatında baş verən keşməkeşli hadisələr geniş şəkildə işıqlandırılıb. Şeirləri hər zaman bəstəkarları tərəfindən də yüksək qiymətləndirilib. “Sən oldun”, “Məhəbbət”, “Cavanlığım”, “Bulaq suyu, dağ havası”, “Ömür keçir”, “Bakının qızları”, “Tələbə” və digər populyar mahnılarının indi də dillər əzbəridir, ifaçılarımızın repertuarından düşmür.
Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Adil Cəmil, ədəbiyyatşünas Sona Xəyal və başqaları şairin ədəbiyyata gəldiyi gündən yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazandığını söyləyiblər.
Bildirilib ki, onun qələmindən çıxan lirik poeziya nümunələri və epik əsərləri öz bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə həmişə müasirlərindən seçilib. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı gənclərə vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm təsir göstərib. Həmişə doğulduğu Xızı rayonunun doğma Upa kəndinin timsalında Vətənin taleyi üçün narahatlıq hissi keçirən Cabir Novruz poeziyasının başlıca mövzusu azərbaycançılıq ideyaları ilə sıx bağlı olub.
Diqqətə çatdırılıb ki, şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr edilib. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb. Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olub, hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.
Əməkdar Artist, bədii qiraət ustası Ağalar Bayramov, şairlər - Əzizə Ağahüseynqızı, Nəcməddin Mürvətov və başqaları şairin örnək olan yaradıcılığından danışıb, əsərlərindən nümunələr səsləndiriblər.
Tədbirdə Xalq Artisti Niyaməddin Musayev, Əməkdar Artist Abbasqulu Nəcəfzadə və digər incəsənət ustaları şairin sözlərinə yazılmış musiqi əsərlərini ifa ediblər.
Sonda Cabir Novruz Fondunun sədri, şairin övladı Müşfiq Cabiroğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Telesin_insanlar_telesir_zaman_Xalq_Sairi_Cabir_Novruzun_xatiresi_anilib-908812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR