Maliyyə Nazirliyinin geniş kollegiya iclasında 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub

Maliyyə Nazirliyinin geniş kollegiya iclasında 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub
17:48 11 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyində 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Maliyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında nazir, kollegiyanın sədri Samir Şərifov Prezident İlham Əliyev tərəfindən bu günlərdə imzalanmış “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanun və həmin qanunun tətbiqi ilə bağlı qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Qeyd olunub ki, 2016-cı ilin dövlət və icmal büdcələri və sonrakı üç il üçün layihələr Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının modernləşdirilməsi və şaxələndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı üçün müəyyən etdiyi strateji xəttə və sosialyönümlü prioritet vəzifələrə uyğun olaraq ölkədaxili və xaricdəki makroiqtisadi mühit, gözlənilən real büdcə gəlirləri nəzərə alınmaqla tərtib edilib.
Kollegiya sədri deyib ki, 2016-cı ilin büdcəsində qlobal iqtisadi proseslərin Azərbaycanın iqtisadi inkişafına da təsirləri, o cümlədən ölkənin valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun azalması, milli valyutanın qismən dəyərsizləşməsi, iqtisadi artım surətinin zəifləməsi, Azərbaycana məxsus “Azəri Layt” markalı neftin orta satış qiymətinin kəskin azalması meyilləri nəzərə alınıb.
Azərbaycan Prezidentinin hökumət qarşısında qoyduğu vəzifələrə əsasən, növbəti illərdə qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılaraq onların məhdudlaşdırılması, eyni zamanda, iaşə və ticarətdə, habelə inşaat sektorunda tətbiq edilən vergilərin sadələşdirilməsi, bununla da sahibkarlığın fəallığına əlavə təkan verərək, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması kimi tədbirlərin görülməsi dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş siyasətin əsas parametrlərini təşkil edir ki, artıq bu istiqamətdə müəyyən addımlar atılır.
Nazir 2016-2019-cü illərdə qarşıda duran mühüm vəzifələr sırasında qeyri-münbit xarici mühit şəraitində, həmçinin dövlət və icmal büdcələrinin gəlir və xərclərinin azalması fonunda sosial prioritetliyə üstünlük verilməklə fiskal yığcamlaşdırma siyasətini həyata keçirməyi, iqtisadiyyatın dayanıqlığını təmin etməklə onun aparıcı sahələrinin modernləşməsini və şaxalənməsini davam etdirməyi, dövlət sektorunda xərclərin səmərəliliyini artırmağı, dövlət və icmal büdcələrin cari və əsaslı xərclərinin idarə olunmasını təkmilləşdirməyi diqqətə çatdırıb. Eyni zamanda, dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələrinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaratmaq, pensiya təminatı üzrə maliyyə dayanıqlılığını daha da artırmaq növbəti ildə də prioritet vəzifələr sırasına daxil edilib.
Kollegiyanın sədri Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə, həmçinin sentyabrın 8-də 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr olunmuş iclasında və digər rəsmi tədbirlərdə Prezident İlham Əliyevin dövlət vəsaitlərindən qənaətlə istifadə etməklə maliyyə nizam-intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi, dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorunun vergi və gömrük yığımları hesabına formalaşdırılması, dövlət idarəetmə sistemində ciddi islahatların aparılması kimi konkret tapşırıqlar verdiyini bildirib. Bununla yanaşı, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunla və həmin qanunun tətbiqi ilə bağlı Fərmanla da qarşıya müvafiq vəzifələr qoyulduğunu xatırladan Samir Şərifov həmin tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə bir sıra tədbirlərin görüləcəyini bildirib.
Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən kollegiyanın sədri nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulmuş daxilolmaların artırılması dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla, prioritetlik daşımayan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsinin və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Nazir qeyd edib ki, cari ildə müdafiə olunan xərclər üzrə, o cümlədən əmək haqqı, sosial müavinətlər, pensiya, təqaüd və digər sosial ödənişlərin vaxtında maliyyələşdirilməsi təmin ediləcəkdir.
Kollegiya iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanun, həmin qanunun tətbiqi ilə bağlı müvafiq Fərmanla Maliyyə Nazirliyinə verilmiş tapşırıqların yerinə yetirilməsini təmin etmək məqsədilə görüləcək işlərə dair “Tədbirlər planı” təsdiq edilib.
İclasda, həmçinin sığorta qanunvericiliyinə aid olan bəzi normativ hüquqi aktların təkmilləşdirilməsi məsələləri də geniş müzakirə olunub. Qeyd olunub ki, cari ildə Maliyyə Nazirliyinin sığorta sahəsinə dair bir sıra kollegiya qərarları Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Xüsusilə 2016-cı il yanvarın 1-dən Azərbaycan Respublikasının qoşulacağı Yaşıl Kart Sistemi çərçivəsində sığortaçıların fəaliyyəti, habelə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi ilə bağlı normativ aktlar vacib əhəmiyyət daşıyır. Müzakirələr zamanı bildirilib ki, dövlətimizin başçısının iqtisadiyyatın inkişafı ilə bağlı verdiyi göstərişlər sırasında beynəlxalq yük daşımalarında Azərbaycanın tranzit ölkə rolunun artırılmasının prioritet məsələ kimi müəyyənləşdirildiyi bir vaxtda Yaşıl Kart Sisteminin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Belə ki, artıq 2016-cı il yanvarın 1-dən Yaşıl Kartla Azərbaycana daxil olacaq xarici qeydiyyatlı avtonəqliyyat vasitələrinin gömrük sərhəd məntəqələrindən Azərbaycan Respublikası ərazisinə buraxılması üçün sığorta haqqı ödəyib icbari sığorta müqaviləsi bağlamalarına ehtiyac olmayacaqdır. Bu, tranzit məqsədilə gələn avtomobillərin yükdaşıma xərclərini bir qədər də azaldacaqdır.
İclasın yekununda maliyyə naziri Samir Şərifov cari ilin sonuna az vaxt qaldığını nəzərə alaraq, maliyyə və xəzinə orqanlarına dövlət büdcəsinin gəlirlərinin icrasının təmin edilməsi, müdafiə olunan və onlara bərabər tutulan digər xərclərin maliyyələşdirilməsinin tam həyata keçirilməsi, bu istiqamətdə büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarla əlaqəli işin daha da gücləndirilməsi və beləliklə də 2015-ci ilin uğurla başa çatdırılması üçün konkret tapşırıqlar verib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Maliyye_Nazirliyinin_genis_kollegiya_iclasinda_2016_ci_ilin_dovlet_budcesi_ile_bagli_qarsida_duran_vezifeler_muzakire_olunub-910422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR