“Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabının təqdimatı keçirilib

“Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabının təqdimatı keçirilib
21:13 11 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, Abdulla Suvar, AZƏRTAC
Dekabrın 11-də Miniatür Kitab Muzeyində Xalq Yazıçısı Elçinin “Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabda Elçinin dünya şöhrətli ifaçı Rəşid Behbudov haqqında xatirələri, onunla söhbətləri, eləcə də ifaçının bənzərsiz sənət dünyası ilə bağlı düşüncələri, fikirləri yer alıb.
Tədbirdə Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova rəhbərlik etdiyi muzeyin uğurlarından və təqdim olunan kitabın məziyyətlərindən söz açıb. Bildirib ki, miniatür kitab Azərbaycanın estrada və opera müğənnisi, SSRİ Xalq Artisti Rəşid Behbudova həsr olunub. Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq ölkəmizin bütün bölgələrində silsilə tədbirlərin keçirildiyi bu günlərdə belə bir kitabın işıq üzü görməsi olduqca təqdirəlayiq haldır.
Diqqətə çatdırılıb ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Miniatür Kitab Muzeyi tərəfindən “İndiqo” mətbəəsində nəfis şəkildə yüz nüsxə tirajla çap olunub. Ölçüsü 38x45 mm olan bu kitab 136 səhifədən ibarətdir. Azərbaycan dilində işıq üzü görən kitabda 41 ağ-qara fotoşəkil yer alıb. Xüsusi zövqlə hazırlanmış kitabın forzasında Azərbaycanın xəritəsi əks olunub.
Təqdimat mərasimində Xalq Yazıçısı Elçin bildirib ki, Prezident İlham Əliyevinin imzaladığı müvafiq Sərəncam əslində bütün Azərbaycan xalqının Rəşid Behbudov şəxsiyyətinə və sənətinə sonsuz hörmətinin, sevgisinin, məhəbbətinin ifadəsidir.
Xalq yazıçısı deyib ki, kitabın Miniatür Kitab Muzeyində təqdimatı olduqca əlamətdar bir hadisədir. Çünki muzeydəki kitabların doğurduğu əhval-ruhiyyə, onların zərifliyi, buradakı səliqə-sahman, gözəllik Rəşid Behbudov sənəti və şəxsiyyəti ilə üst-üstə düşür.
Elçin Əfəndiyev vurğulayıb ki, Rəşid Behbudovun 100 illik təntənəli yubileyinə çox ciddi hazırlaşırıq. Düşünürəm ki, o tədbir bütün Rəşidsevərlərin ürəyincə olacaq.
Tədbirdə Əməkdar Jurnalist Elmira Əliyeva Elçinin yaradıcılığından, əsərlərinin üslub və xüsusiyyətlərindən danışıb. Bildirib ki, “Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabını oxuyarkən Rəşid Behbudovu yenidən kəşf etdim.
Tədbirdə Xalq Artisti Vasif Babayev, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, tanınmış jurnalist Qalina Mikeladze və keçmiş neft sənayesi naziri Kamil Akimov çıxış edərək Rəşid Behbudov sənətinin əlçatmazlığından və miniatür kitabının bənzərsizliyindən söz açıblar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulayıb ki, Rəşid Behbudovun 100 illiyinə həsr edilmiş möhtəşəm tədbirin 2016-ci ilin ilk yarısında keçirilməsi planlaşdırılır. Həmin ərəfədə görkəmli sənətkarın heykəli də hazır olacaq.
Miniatür Kitab Muzeyinin reallaşdırdığı layihələri yüksək qiymətləndirən nazir deyib ki, İçərişəhərə gələn bütün qonaqlar bu muzeyi ziyarət edir.
Təqdimatı keçirilən nəşrin də böyük əhəmiyyət daşıdığını vurğulayan Ə.Qarayev bildirib ki, bu miniatür kitab hər bir oxucuya bir daha Rəşid Behbudov sənətinin və şəxsiyyətinin böyüklüyü haqqında çox dəyərli məlumatlar verəcək.
Rəşid Behbudovun ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Kamil Şahverdiyev “Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabını böyük sənətkar haqqında yazılan ən dəyərli nəşrlərdən hesab edib.
Təqdimat mərasimi çərçivəsində “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurasının sədri Zərifə Salahova və nəşrin baş redaktoru Emil Nəsirli tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə “Azərbaycanın qüruru” ordeni təqdim olunub. Mükafat jurnalin redaksiya şurasının qərarı ilə təsis edilib.
Sonra Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahovaya Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar Birliyi və “İntervyü”-“İntervyü xəbər” nəşr evinin redaksiya heyətləri adından “Qızıl qələm” və “Xalqın nüfuzlu ziyalısı” fəxri media mükafatları təqdim olunub.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Men_gedirem_aglama_Resid_Behbudovun_seneti_ve_sexsiyyeti_miniatur_kitabinin_teqdimati_kechirilib-910532

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR