Hokkaydo Mərkəzi Avrasiya Konfransının sessiyası Dağlıq Qarabağ probleminə həsr edilib

Hokkaydo Mərkəzi Avrasiya Konfransının sessiyası Dağlıq Qarabağ probleminə həsr edilib
10:58 15 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 15 dekabr, AZƏRTAC
Dekabrın 14-də Hokkaydo Universitetində professor Uyama Tomohikonun rəhbərlik etdiyi Hokkaydo Mərkəzi Avrasiya Konfransının “Dağlıq Qarabağ probleminə azərbaycanlı məcburi köçkünlərin və ziyalıların mövqeyi” mövzusunda 121-ci sessiyası keçirilib.
Konfransda Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının prezidenti, Cənubi Kuril Adaları problemi ilə Dağlıq Qarabağ probleminin müqayisəli təhlilini aparan doktorant Əlibəy Məmmədov və “Müstəqil Azərbaycanda siyasi-iqtisadi dəyişikliklər” mövzusunda doktor dərəcəsi almış Taçibana Yu sentyabrda Azərbaycana səfərləri zamanı apardıqları araşdırmanın nəticələri barədə məruzələrlə çıxış ediblər.
Bildirilib ki, səfərin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan cəmiyyətinin mövqeyini araşdırmaqdan ibarət olub.
Əvvəlcə Ə.Məmmədov Bakıda və Bərdədə 200 nəfər məcburi köçkün və 10 nəfər ziyalı ilə keçirdiyi sorğuların nəticələri haqqında məlumat verib. Bildirib ki, Dağlıq Qarabağla bağlı Azərbaycan cəmiyyətində vahid mövqe mövcuddur. İstər iqtidar, istər müxalifət, istərsə də ziyalılar və məcburi köçkünlərin mövqeyi bütün vacib məqamlarda demək olar ki, üst-üstə düşür. Rəyi soruşulanların 94 faizi Dağlıq Qarabağ və ətraf rayonlara geri qayıtmağa hazır olduğunu bildirib. Onların 87 faizi problemin həllinin ilkin şərtinin Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılması olduğunu qeyd edib. Məcburi köçkünlərin və ziyalıların əksəriyyəti məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirsə də, Azərbaycanın hərb yolu ilə də öz torpaqlarını geri qaytarmaq hüququna sahib olduğunu dəfələrlə vurğulayıb.
Konfransda ermənilərin törətdiyi Xocalı faciəsinə xüsusilə toxunulub və bu faciə əsrin ən ağrılı cinayətlərindən biri kimi pislənilib.
Azərbaycan hökumətinin rəsmilərindən, deputatlardan, alimlərdən, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrindən sitatlar gətirən Ə.Məmmədov bildirib ki, Azərbaycan neftindən gələn ilk gəlirlər məhz məcburi köçkünlərin yaşam səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib. Məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün 93 yeni qəsəbə salınıb və 5,1 milyard manat vəsait xərclənib. Bunun nəticəsində 46 min ailənin, o cümlədən 230 min məcburi köçkünün həyat səviyyəsi kifayət qədər yaxşılaşdırılıb.
Məcburi köçkünlərin əksəriyyəti onlara verilən yeni evlərdən razı qalsa da, ata-baba yurduna - Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmaq istədiklərini bildirib.
Konfransda çıxış edən doktor Taçibana Yu isə Dağlıq Qarabağ probleminin baş verməsinin səbəbləri, sülh danışığı prosesləri, Azərbaycan hökumətinin ədalətli mövqeyi ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycana səfərləri zamanı o, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasının şahidi olub.
Sonda gənc tədqiqatçıların elmi araşdırmalarını yüksək qiymətləndirən Doşişa Universitetinin professoru Tsukimura Taro qeyd edib ki, Yaponiyada bu mövzuda elmi tədqiqatların aparılması mühüm əhəmiyyət kəsb edir. Problemi yalnız siyasətçilərdən deyil, birbaşa problemdən əziyyət çəkən insanlardan öyrənmək çox önəmlidir. O, bundan sonra da bu mövzuda işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hokkaydo_Merkezi_Avrasiya_Konfransinin_sessiyasi_Dagliq_Qarabag_problemine_hesr_edilib-911271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR