BP Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə istixana qurğuları verəcək

BP Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə istixana qurğuları verəcək
17:37 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov BP-nin Azərbaycan, Türkiyə, Gürcüstan regionu üzrə prezidenti Qordon Birrelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, görüşün məqsədi BP şirkətinin dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin keçdiyi ərazilərdə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı istiqamətli layihələrin müzakirəsi və tələbələrin praktiki təlimlərinin təşkili məqsədilə BP şirkəti tərəfindən müvafiq istixana qurğularının Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) verilməsinin müzakirəsi olub.
H.Əsədov “Kənd təsərrüfatı ili” çərçivəsində görülən işlər, o cümlədən kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin artırılması, onun forma və metodlarının təkmilləşdirilməsi, son illərdə aqrar sahədə həyata keçirilən institutsional islahatlar barədə ətraflı məlumat verib. BP şirkətinin Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edən nazir bildirib ki, şirkət ilk dəfə 2002-ci ildə Azərbaycanda aqrar sektorun inkişafına yönələn köməklik göstərib və şirkətin layihələri davamlı xarakter daşıyıb. Bundan sonra isə həmin yardımlar şaxələndirilib və toxumçuluq sektorunu, suvarma sistemlərinin təşkili, istixanaların və süd emalı məntəqələrinin tikintisi sahələrini əhatə edib. Nazir bu sahələrin əlaqələndirilməsini məqəsəduyğun hesab edib. Eyni zamanda, investisiya qoyulan sahələr, kadr potensialının artrılması, irihəcmli laboratoriyaların tikilməsi, aqrar sahə üzrə təhsil potensialının gücləndirilməsi və digər sahələr barədə geniş məlumat verib.
Q.Birrel BP-nin Azərbaycanda 20 ildən aqtıq faəliyət göstərdiyini, neft və qaz sahələri ilə yanaşı, qeyri neft sektorunda kiçik və orta sahibkarlıq sahələrinə də investisiya yatırdığını bildirib. Gələcəkdə də yeni layihələrin həyata keçirilməsinin mümkünlüyünü deyib.
Görüşdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti və kənd təsərrüfatı məhsuldarlığı və dayanıqlı təbii ehtiyyatların idarə edilməsində, həmçinin yerli və beynəlxalq təşkilatların kənd ərazilərindəki icmalarının inkişafına yönəlməsi təşəbbüslərində BP şirkəti tərəfindən dəstəyin göstərilməsi məsələsinə baxılmasının mümkünlüyü qeyd edilib. Sonda H.Əsədov və Q.Birrel kənd təsərrüfatında ikitərəfli əməkdaşlığa dair protokol imzalayıblar.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/bp-kend-teserrufati-nazirliyine-istixana-qurgulari-verecek-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR