Azərbaycanda şagird və tələbələr üçün yeni növ dərnəklər yaradılacaq

Azərbaycanda şagird və tələbələr üçün yeni növ dərnəklər yaradılacaq
22:08 18 Dekabr 2015
45 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda şagird və tələbələr üçün müasir standartlara uyğun yeni növ dərnəklər yaradılacaq. Bunu Trend-ə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova deyib.

Onun sözlərinə görə, yeni dərnəklər innovativ, yeni texnologiyaları əhatə edən istiqamətlər üzrə olacaq.

A.Həsənova bildirib ki, hazırda ölkə ərazisində 368 məktəbdənkənar müəssisə müxtəlif təhsil sahələrini əks etdirən istiqamətlər üzrə fəaliyyət göstərir. Bunlar uşaq yaradıcılığı, texniki yaradıcılıq, ekoloji tərbiyə və təcrübəçilik, gənc turistlər və diyarşünaslıq, məktəbdənkənar tərbiyə işi mərkəzləri, uşaq-gənclər şahmat və uşaq-gənclər idman məktəbləri adı altında fəaliyyət göstərir: “Tipik uşaqlarla çalışan bu mərkəzlərdən əlavə, sağlamlıq imkanları məhdud uşaqların yaradıcı fəaliyyətə cəlb olunması məqsədilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Estetik Tərbiyə üzrə Tədris-Metodiki mərkəzləri, eləcə də Təhsil alan gənclərin respublika bədii yaradıcılıq evi də fəaliyyət göstərir. Bu mərkəzlərdə ümumən yüz minlərlə şagird, tələbə dərsdənkənar vaxtlarını bacarıq və qabiliyyətlərinə uyğun olaraq, səmərəli tərzdə keçirməyə müvəffəq olurlar”.

Sektor müdiri əlavə edib ki, Təhsil Nazirliyi məktəbdənkənar müəssisələrimizin fəaliyyətini daha genişləndirmək və müasir standartlara uyğun olması üçün artıq bir çox yenilik və islahatlara başlayıb: "Bu ildən etibarən 20 pilot məktəbdə ekoklubların yaradılmasına başlanılıb".

A.Həsənovanın sözlərinə görə, hazırda məktəbdənkənar müəssisələrin köhnə tədris proqramının yenilənib müasir təhsil standartlarına uyğunlaşdırılması, müəssisələrə yeni kadrların cəlb olunması üçün işlər aparılır: "Bununla yanaşı, məktəbdənkənar müəssisələrin ayrıca saytı hazırlanıb. Sayt yaxın zamanda məktəblilər, tələbələr, eləcə də valideynlərin istifadəsinə veriləcək. Saytda hər kəs özünə daha yaxın ərazidə yerləşən məktəbdənkənar təhsil mərkəzi və orada fəaliyyət göstərən müxtəlif istiqamətli dərnəklər haqqında məlumat əldə edə biləcək".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2471393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR