Bakı, 9 fevral, AzərTAc
Xəbər verdiyimiz kimi, Bakı Əyləncə Mərkəzində ölkəmizin ən nüfuzlu jurnallarından biri olan “Sportsman”ın “Zəfər” yüksək idman nailiyyətləri mükafatının təqdimetmə mərasimi olub.
AzərTAc xəbər verir ki, mükafatçılar sırasında qısa müddətdə ölkəmizdə çimərlik voleybolunu Avropada tanıdan Azərbaycan Çimərlik Voleybolu Assosiasiyasının və “Azəryol” voleybol klubunun prezidenti Cavid Qurbanov da yer alıb.
Bildiyimiz kimi, Azərbaycanda çimərlik voleybolu son bir ilə kimi o qədər də məşhur idman növü sayılmırdı. Ona görə ki, paytaxtımızda keçirilən çimərlik voleybol üzrə ölkə çempionatı, eləcə də ölkə kuboku həvəskar xarakter daşıyırdı. 2014-cü ildə Azərbaycan Çimərlik Voleybolu Assosiasiyası yaradıldıqdan sonra qısa müddət ərzində paytaxtımızda iki beynəlxalq yarış keçirildi. Qadınlardan və kişilərdən ibarət cütlüklərimiz iştirak etdikləri yarışlarda qazandıqları qələbələr nəticəsində reytinq cədvəllində bir neçə pillə yüksəliblər.
“Sportsman” jurnalı da Cavid Qurbanovu Azərbaycanda çimərlik voleybolunun yaranmasındakı xidmətlərinə görə “Zəfər” yüksək idman nailiyyətləri mükafatı ilə təltif edib.