Azərbaycan İƏT-ə üzv dövlətlərin Turizm Nazirlərinin İslam Konfransının 9-cu sessiyasında təmsil olunub

Azərbaycan İƏT-ə üzv dövlətlərin Turizm Nazirlərinin İslam Konfransının 9-cu sessiyasında təmsil olunub
21:43 23 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


BAKI, 23 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin İslam Konfransının 9-cu sessiyasında iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konfrans zamanı müvafiq tədbirlər proqramı, İƏT-ə üzv ölkələrdə islam turizmi, turizm sahəsində peşə standartları, sərhəd prosedurlarının sadələşdirilməsi, turizm marketinqi və digər məsələlər müzakirə olunub.
Tədbirdə Niger Respublikasının Prezidenti İsufu Mahammadu, İƏT-in baş katibi İyad Amin Madani, İƏT-ə üzv ölkələrin turizm nazirləri və digər yüksək vəzifəli məmurlar iştirak ediblər.
Konfransda ölkəmizi təmsil edən Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdir müavini Rauf Paşayev çıxış edərək təşkilatçılara tədbirin yüksək səviyyədə təşkilinə görə öz təşəkkürünü bildirib. R.Paşayev İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində turizm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış və İƏT-in İqtisadiyyat və Kommersiya Əməkdaşlığı Komitəsi tərəfindən qrant almış "Ümumi mədəni irs şəhərləri" layihəsindən danışıb. Daha sonra R. Paşayev İƏT ölkələri arasında turizm sahəsində daha effektiv əməkdaşlığın aparılması üçün sərhəd keçid prosedurlarının sadələşdirilməsinin vacibliyini vurğulayaraq Azərbaycanda 2013-cü ilin mart ayından tətbiq olunan elektron viza sistemi barədə məlumat verib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_IAT_e_uzv_dovletlerin_Turizm_Nazirlerinin_Islam_Konfransinin_9_cu_sessiyasinda_temsil_olunub-913836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR