Xaqani Məmmədov: "Klublar narazıdırsa, bu, bizim pis işlədiyimiz demək deyil" (Müsahibə)

AFFA Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədovun azerisport.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Manatın məlum devalvasiyasına görə hakimlərin Türkiyə toplanışı da sual altına düşməyib ki?
- Əlbəttə, əvvəlki mövsümlərlə müqayisədə bu dəfəki toplanış daha çox xərc apara bilər. Amma biz bu toplanışın baş tutacağını gözləyirik. Çünki bu, bizim üçün vacibdir. Antalyada yanvar ayında çoxlu yoxlama oyunu keçirilir. Həmin oyunlarda hakimlərimiz çoxlu oyun idarə etmək şansı qazanırlar. Bu, onlar üçün böyük təcrübə olur. Bu həftə toplanışla bağlı bütün məsələlərə aydınlıq gələcək.

- Topaz Premyer Liqasındakı ilk iki dövrəni uğurlu saymaq olar, ya uğursuzluqlar daha çox idi?
- Birmənalı fikir söyləmək çətindir. Həm müsbət məqamlar var idi, həm də səhvlər. Bütövlükdə, razıyam. Təbii ki, aşkarladığımız səhvlər üzərində toplanış zamanı məşğul olacağıq.

- Amma mövsüm hakimlərimiz üçün heç də uğurlu başlamamışdı. Xüsusilə, ilk turlarda çoxlu səhvlər və təbii ki, tənqidlər var idi...
- Klublar narazıdırsa, bu, bizim pis işlədiyimiz anlamına gəlmir. Çempionatın əvvəlində narazılıq həmişə çox olur.

- Çempionatın həlledici dövrünün hələ qarşıda olduğunu nəzərə alsaq, son iki dövrədəki hakimlikdən nə gözləmək olar?
- Təcrübəmizə görə deyə bilərəm ki, toplanışdan sonra hakimliyin səviyyəsi yüksək olur. Çünki toplanış zamanı həm nəzəri, həm də praktiki hazırlıq olur. Amma çempionatın sonunda keyfiyyət baxımından geriləmə də mümkündür.

- Bütövlükdə, 2015-ci ili necə dəyərləndirərdiniz?
- İl yaxşı alındı. Əliyar Ağayev tarixdə ilk dəfə avrokubokların qrup mərhələsinin oyununu idarə etdi. Bu, bizim hakimlər üçün yaşıl işıq deməkdir. Yayda Ağayevin birinci kateqoriyaya yüksəlməsini gözləyirik. Elçin Səmədli isə artıq futzal hakimi kimi, birinci kateqoriyaya yüksəlib.

- Əliyar Ağayevin davamçısı varmı?
- Konkret ad açıqlaya bilmərəm. Amma iyul ayında ikinci kateqoriyaya yeni hakimlər gözləyirik. Bu, irəliyə doğru addım olacaq.

- Sizin danışılmış oyunda iştirakınızla bağlı AFFA tərəfindən xüsusi komissiya yaradılmışdı. Həmin məsələ nə yerdədir?
- Mən bu barədə heç yerdə bir söz deməmişəm. Amma ümid edirəm ki, komissiyanın araşdırması mənim xeyrimə yekunlaşacaq. Mən bu barədə ümumiyyətlə, düşünmək istəmirəm və öz işimlə məşğulam.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR