Estoniyada qrossmeyster Paul Keresin xatirəsinə həsr olunmuş festival keçiriləcək

Estoniyada qrossmeyster Paul Keresin xatirəsinə həsr olunmuş festival keçiriləcək
18:28 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Tallinn, 5 yanvar, AZƏRTAC
Yanvarın 7-də estoniyalı qrossmeyster Paul Keresin anadan olmasının 100 ili tamam olur. Beynəlxalq Şahmat Federasiyası bu ili Beynəlxalq Paul Keres İli elan edib. “Paul Keres – 100” xatirə festivalı çərçivəsində sərgi açılacaq, beynəlxalq turnirlər keçiriləcək, qrossmeysterin 100 illiyi münasibətilə nominalı 2 avro olan metal pul, habelə poçt markası buraxılacaq.
Estoniyanın mədəniyyət naziri İndrek Saar deyib: “Paul Keres şahmat dünyasının əfsanəsidir. O, Estoniyanı elə bir vaxtda dünyada məşhurlaşdırıb və şöhrətləndirib ki, həmin illərdə bizim barəmizdə məlumatı olanlar çox az idi. Xalq P.Keresi XX əsrdə Estoniyanın idmançısı seçib. Beynəlxalq Şahmat Federasiyasının 2016-cı ili Paul Keres ili elan etmək qərarı bizim hamımızı sevindirir”.
Estoniya Şahmat İttifaqı Estoniya Mədəniyyət Nazirliyi, Estoniya Olimpiya Komitəsi və bir sıra digər təşkilatlarla əməkdaşlıq şəraitində bu festivala hələ ötən ilin dekabrında start verib. P.Keresin doğma Narva şəhərində “Baltik dənizinin şahmat ulduzları” VII Beynəlxalq gənclər turniri keçirilib.
Paul Keres Şahmat Evində “Tallinn – 2016” Beynəlxalq gənclər turniri start götürüb. Yanvarın 8-də isə sürətli şahmat üzrə “Paul Keresi xatırlarkən” 25-ci beynəlxalq turnir başlayır. Turnirdə başqa şahmatçılarla yanaşı, dünya reytinqinin 13-cü pilləsində qərarlaşan Pavel Elyanov, habelə vaxtilə Paul Keresin özü ilə oynamış Yevgeni Sveşnikov və Yuri Balaşov iştirak edirlər.
Şahmat dünyası P.Keresi həqiqi centlmen və dürüst oyun rəmzi kimi tanıyırdı. O, obrazı əsginazda təsvir olunan və doğma ölkəsində əsrin idmançısı seçilən yeganə şahmatçıdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Estoniyada_qrossmeyster_Paul_Keresin_xatiresine_hesr_olunmus_festival_kechirilecek-916245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR