Bakı, 10 fevral, AzərTAc
Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusuna həsr edilmiş IV Vergi Forumunda “Asan İmza” texnologiyasının mütərəqqiliyi önə çəkilib və Azərbaycanın bu sahədəki təcrübəsi təqdirəlayiq hesab edilib.
Forumda çıxış edən Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov “Asan İmza”nın artıq Azərbaycanın tanınan brendi olduğunu vurğulayıb. Digər məruzəçi – Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov yaxın gələcəkdə vergi ödəyicilərinə təqdim edilən bütün xidmətlərin “Asan İmza” vasitəsilə göstəriləcəyini bildirib. Vergi xidmətlərinin göstərilməsində innovativ həllərin tətbiqindən danışan E.Məmmədov həmçinin Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinin “Asan İmza” xidməti ilə inteqrasiya edilməsi barədə məlumat verib. Onun sözlərinə görə, dünyada ilk dəfə olaraq Azərbaycanda istənilən vergi ödəyicisi kompyuterə çıxışı olmadan belə sadəcə telefon əlaqəsi ilə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə zəng edərək, mərkəzin operatoru tərəfindən “Asan İmza” xidmətinin köməyilə şəxsiyyəti müəyyən edilərək bir sıra vergi əməliyyatlarını (vergi bəyannamələrinin təqdim olunması, fiziki şəxsin onlayn qeydiyyat ərizəsinin təqdim olunması və s.) icra edə bilər.
Forumun məruzəçiləri sırasında Azərbaycanda “Asan İmza” xidmətinin operatoru olan “B.EST Solutions” şirkətinin təsisçisi xanım Yana Krimpe elektron və mobil hökümətin inkişafında “Asan İmza” mobil elektron imza xidmətinin rolundan və bu texnologiyanın ixrac perspektivlərindən danışıb, “B.EST Solutions” şirkətinin gələcək layihələri haqqında məlumat verib.
Qeyd edək ki, “B.EST Solutions” şirkətinin yaratdığı “Asan İmza” (mobil imza) xidməti elektron xidmətlərə daxil olarkən rəqəmsal imzalar edən vətəndaşların, dövlət qulluqçularının və hüquqi şəxslərin kimliyini təsdiqləyən mobil identifikasiya və imzalama sistemidir. Layihə Vergilər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə həyata keçirilib.