Eldar Qasımov: “Bahalı səsyazma studiyalarında peşəkarlar yoxdur”

Eldar Qasımov: “Bahalı səsyazma studiyalarında peşəkarlar yoxdur”
16:49 7 Yanvar 2016
20 Sosial
Ölkə mətbuatı
A- A+

“Əməkdaşlığa 3 ildir başlamışıq. Bir neçə dost birləşərək qərara gəldik ki, studiya yaradaq. Studiya bir neçə ay öncə açıldı”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, müğənni, yeni fəaliyyətə başlayan “Empire Entertainment” studiyasının rəhbərlərindən biri  Eldar Qasımov deyib.

 

E.Qasımov bildirib ki, əvvəlcədən studiyanın qeyri-adi, müasir olması düşünülməyib: “Məqsədimiz keyfiyyətli avadanlıqlarla təchiz olunmuş studiya açmaq idi. Həm Bakıda, həm digər əcnəbi ölkələrdə bir çox studiyalarda olmuşam. Məncə, ən önəmlisi studiyada çalışan insanların peşəkar olmasıdır. Avadanlıq nə qədər müasir, keyfiyyətli olsa da, müsbət nəticə üçün onlardan istifadə etməyi bacaranlar olmalıdır. Şadam ki, keyfiyyəti müəyyən etməyi bacaran insanlarla çalışıram. Azərbaycanda müasir musiqi var, sadəcə, beynəlxalq səviyyədə deyil. Studiyanın adını həm də ona görə ingiliscə adlandırdıq ki, beynəlxalq səviyyədə tanınmaq istəyirik. Əcnəbi qonaqlarımız olub və studiyanı bəyəniblər. Bundan sonra bütün mahnılarım bu studiyada yazılacaq. Azərbaycanda bahalı studiyalar, keyfiyyətli avadanlıqlar da var. Sadəcə, onlarla işləməyi bacaran peşəkarlar yoxdur”.

 

Müğənni bildirib ki, müasir estrada ifaçıları keyfiyyətli iş barədə yox, başqa məsələlər haqda daha çox düşünürlər: “Gözəl səsə malik olmaq əsas şərt deyil. Reklam lazımdır. Amma baxır nəyi reklam edirsən. Bəla budur ki, bizim müğənnilər “İnstagram”la yaşayırlar. Əslində isə, musiqi, mahnı ilə yaşamalıdırlar”.

 

Ömər Əbdülkərimov: “Azərbaycanda fəaliyyət göstərən studiyalarda ümumiyyətlə, akustika düzgün qurulmayıb”

 

Verilişin digər qonağı “Empire Entertainment”in digər rəhbəri Ömər Əbdülkərimov bildirib ki, Azərbaycanda səsyazma studiyası açmaqda məqsəd ölkəmizdə keyfiyyətli səsyazma studiyalarının çox olmasıdır: “Tam olaraq, rəhbər deyiləm. Daha çox ideya müəllifiyəm. Komandada ailə münasibəti var. Bütün qərarları birgə qəbul edirik. Komandanın bir çox üzvləri Ukraynada yaşayıb. Orada bir çox uğurlu işlərimiz olub. Məşhur olmaq kimi fikrimiz yox idi, amma Dan Balan məşhur müğənnilərlə işbirliyimiz olub. Azərbaycana gəlməkdə məqsədimiz burada da keyfiyyətli işlərə imza atmaqdır”.

 

Qonaq qeyd edib ki, studiyanı qurarkən əcnəbi ölkələrin, xüsusilə Ukraynada bu sahədə mövcud olan təcrübəni öyrəniblər: “Bu işi qurarkən Ukraynaya gedib gəlirdik. Çünki orada çox peşəkar studiyalar var. Azərbaycanda fəaliyyət göstərən studiyalarda ümumiyyətlə, akustika düzgün qurulmayıb. Bizə akustika mühəndisi lazım idi. Onu məhz Ukraynada tapdıq, məsləhətləşdik. O bizim üçün sxem çəkdi və bundan sonra studiyanı qurmağa başladıq. Hazırda işlətdiyimiz hər bir avadanlığı öncədən işlədib, öyrənib, sonra almışıq. Çünki elə avadanlıqlar var ki, çox bahadır, amma əslində bir işə yaramır”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR