"Böhran təhsil sektorunda canlanma yaradacaq, çünki..."

"Böhran təhsil sektorunda canlanma yaradacaq, çünki..."
15:47 9 Yanvar 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Ölkə prezidenti İlham Əliyev 2016-cı ilin sınaq ili olacağını, eyni zamanda dünya iqtisadi böhranının fəsadlarının ölkəmiz üçün minimuma endirilməsinə çalışıldığını və hökumət qarşısında makroiqtisadi sabitliyin təmin edilməsinin əsas vəzifə kimi qoyulduğunu vurğulayıb.

İqtisadçı-ekspert Nicat Hacızadə Milli.Az-a açıqlamasında son iqtisadi prosesləri şərh edərkən bildirib ki, müəyyən islahatlar aparmaqla 2016-cı ildə ölkə iqtisadiyyatından müsbət məqamlar yaradıla bilər.

Onun fikrincə, əvvəla bu il neft gəlirlərinin azalması fonunda qeyri-neft sektorunun inkişaf edəcəyi və neft hesabına formalaşan gəlirlərin qeyri-neft sektoru hesabına kompensasiya ediləcəyi proqnozlaşdırılır: "2015-ci ildə manat nominalında ümumi daxili məhsulun artımı göstərir ki, ÜDM neft gəlirlərinin artımı fonunda qeyri-neft sektoru hesabına artıb. 2016-cı il üçün artıq qeyri-neft sektorundan gələn gəlirlər ÜDM-nin 65 faizi səviyyəsindən çox olacağı proqnozlaşdırılır. Bu, müsbət hal kimi dəyərləndirilməlidir. Bundan əlavə, Dünya Bankı da 2016-cı il üçün 0,9% artım proqnozlaşdırıb".

Ekspertin fikrincə, ikinci məqam odur ki, ölkədə inhisarçılıq minimuma endiriləcək: "Bunun səbəbi çox sadədir. Məlumdur ki, ölkəyə xarici valyuta gəlməlidir. Ona görə də hesab edirəm ki, ixracdakı inhisarçılıq azalacaq. Bunun üçün yetərincə imkanlarımız var. Azərbaycanda elə holdinqlər var ki, onların istehsal etdiyi müxtəlif növ məhsulları Avropa bazarlarına çıxarmaq mümkündür. Bildiyiniz kimi, ötən ilə kimi Azərbaycanın ixracatının 85 faizini neft və neft məhsulları tuturdu, 2016-cı ildə isə qara metallurgiya, qida sənayesi, aqrar sənaye və s. sənaye sahələrinin məhsulları da Avropa bazarlarına təklif ediləcək. Bildiyiniz kimi bizim Avropada logistik mərkəzlərimiz də qurulur ki, bu da bizə daha sərfəli qiymətə satış əməliyyatlarını həyata keçirməyimizə şərait yaradacaq".

Növbəti məqam odur ki, ölkənin daxili istehsalı güclənəcək: "Bunun üçün sahibkarlara yardım fondundan verilən güzəştli kreditlərin məbləği artırılmalı, faizi aşağı salınmalı, müddəti uzadılmalıdır. Bundan əlavə alimlər, tədqiqatçılar tərəfindən xammal bazası araşdırılmalıdır. Daxili istehsalda idxal xammala olan ehtiyac və xərclər azaldılmalı, yerli xammal potensialından daha geniş istifadə olunmalıdır. Ölkəmiz özü xammal ixracatçısına, digər ölkələr üçün xammal ehtiyaclarının ödənilməsi ünvanına çevrilməlidir. 2016-cı ildə dövlət başçısının rəhbərliyi ilə inhisarçılıqla mübarizənin yekunlaşacağına ümidlər böyükdür. Ölkə prezidentinin yeni idarəetmə sisteminə keçidlə bağlı çıxışı bizə deməyə əsas verir ki, bu il inhisarçıların son ili olacaq. Bundan əlavə, gömrük sistemində elektronlaşmanın geniş tətbiqi və xidmətlərinin bir hissəsinin "ASAN xidmət"ə veriləcəyi gözlənilir. Çünki prezident bu tipli bürokratik əngəllərin qarşısını, əsasən, "ASAN xidmət" vasitəsilə alır. Bu baxımdan gömrükdə avtonəqliyyat vasitələrinin idxal və ixrac bəyannamələrinin sadələşdirilməsi və elektronlaşmasını 2016-cı ilin ilk ciddi islahatı kimi qiymətləndirmək olar".

N.Hacızadə struktur dəyişikliklərin də gözlənilən olduğunu deyir: "Ümumiyyətlə, dünya təcrübəsini, xüsusilə Yunanıstan təcrübəsini nəzərə alsaq, bir sıra dövlət komitələrinin azaldılması, onların nazirliklərin nəzdinə departament formasında veriləcəyi  gözləniləndir. Çünki bu halda dövlətin struktural xərcləri azalacaq və digər daha əhəmiyyətli istiqamətlərə yönəldiləcək".

Lakin iqtisadçı hesab edir ki, burada iqtisadi faktorlarla yanaşı psixoloji məqamlar da nəzərə alınmalıdır. Bu, daha dayanıqlı sahibkarlıq mühiti yarada bilər: "Böhran dövrlərində ən yaxşı kapital insan kapitalı hesab edilir. Çünki insanlar ən çox böhran dövrlərində inkişaf edir, təhsilə daha çox can atırlar. Ona görə də bu proseslər təhsil sektorunda şirkətlərin artmasına, elmi araşdırmalar mərkəzlərində canlanma yaranmasına gətirib çıxaracaq. Böhran dövrlərində gəlirlərini ən çox artıran beyin mərkəzləri və konsaltinq şirkətləri olur. Beyin mərkəzləri dövlətin, konsaltinq şirkətlər isə iflasa uğramaqda olan və gəlirləri azalmış şirkətlərin yenidən dirçəlməsində mühüm rol oynayırlar".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR