“Ləzə” zastavasının şəxsi heyəti sərhədlərimizi istənilən hava şəraitində yüksək səviyyədə qoruyur

“Ləzə” zastavasının şəxsi heyəti sərhədlərimizi istənilən hava şəraitində yüksək səviyyədə qoruyur
19:18 13 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+


Qusar, 13 yanvar, Məhərrəm Əlioğlu, AZƏRTAC
Yanvarın 13-də bir qrup jurnalist Dövlət Sərhəd Xidmətinin Xudat Sərhəd Dəstəsinin “Ləzə” sərhəd zastavasına səfər edib.
AZƏRTAC xəbər verir ki, mətbuat nümayəndələri dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən zastavada zabit, gizir və əsgərlərin xidməti ilə tanış olublar.
Dağlıq və mürəkkəb relyefə malik ərazidə sərhədçilər Azərbaycan-Rusiya dövlət sərhədini qoruyurlar. Burada hava şəraitinə uyğun olaraq, xidmət bir neçə istiqamətdə aparılır. Havanın qarlı olmasına baxmayaraq, şəxsi heyət xidmət başındadır. Qarlı-şaxtalı hava şəraiti sərhədçilərimizin xidmət aparmalarına heç bir çətinlik yaratmayıb. Onlar əvvəlki qaydada xidmət aparır, Azərbaycanın dövlət sərhədini etibarlı şəkildə mühafizə edirlər.
“Ləzə” sərhəd zastavasının rəisi, leytenant Sahil Əbilov AZƏRTAC-a müsahibəsində qeyd edib ki, Sərhəd Qoşunlarının əsas bölməsi olan sərhəd zastavası dövlət sərhədinin ona tapşırılmış sahəsinin bilavasitə mühafizəsini həyata keçirir. Sərhəd zastavası dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətini istənilən şəraitdə fasiləsiz yerinə yetirir. Çətin hava şəraiti ilə əlaqədar sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin mühafizəsini fiziki qüvvə hesabına həyata keçirmək mümkün olmadıqda digər üsullardan - əməliyyat yolundan, texniki vasitələrdən və s. istifadə edilir. Zastavamız mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşdiyi üçün qışda burada xidmətin özünəməxsus xüsusiyyətləri var. Qarlı və soyuq hava şəraitində xidmətin təşkili üçün sərhəd zastavası zəruri avadanlıq, şəxsi heyət isə lazımi əşya, geyim ləvazimatları ilə təchiz edilib. Sərhəd naryadlarının ərazidə hərəkətini asanlaşdırmaq üçün xüsusi qar texnikasından – skuterdən, habelə çətin hava şəraitində xidməti heyvanlardan istifadə olunur.
Burada çətin hava şəraitində xidmətin xüsusiyyətləri keçirilən məşğələlərdə şəxsi heyətə öyrədilir. Zəruri biliklərə, vərdiş və bacarıqlara malik, fiziki cəhətdən hazırlıqlı hərbi qulluqçular xidmətə təyin olunurlar. Ümumiyyətlə, çətin relyefə malik ərazilərdə yerləşən sərhəd zastavalarına şəxsi heyət seçilərkən onların şəxsi keyfiyyətləri və fiziki hazırlığı əsas götürülür.
Burada yaradılan şəraitlə, o cümlədən yataqxana, yeməkxana, ərzaq anbarı, məişət və sinif otaqları ilə tanış olduqdan sonra inamla deyə bilərik ki, sərhəd zastavasının şəxsi heyəti ona tapşırılmış ərazidə dövlət sərhədini istənilən şəraitdə etibarlı mühafizə etməyə qadirdir. Bunun üçün zastavada hər cür şərait yaradılıb.
Zastavada xidmət edən əsgərlər bildirdilər ki, havanın qarlı-şaxtalı olmasına baxmayaraq, əldə silah ana Vətənimiz Azərbaycanın sərhədlərinin keşiyində ayıq-sayıq dururuq. Bütün xalqımız, anlarımız, atalarımız əmin olsunlar ki, sərhədlərimizi daim göz bəbəyi kimi qoruyacağıq. Sərt hava şəraiti, zastavamızın mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşməsi nümunəvi xidmət aparmağımıza heç cür təsir edə bilməz. Sərhədçi peşəsi çox şərəflidir və biz bununla fəxr edirik.
Mənfi on dərəcə soyuqda, yüksək dağlıq ərazidə xidmət aparan sərhədçilərimizlə söhbətimizdən, gördüklərimizdən sonra bir daha əmin olduq ki, Azərbaycanın dövlət sərhədi etibarlı əllərdədir.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Leze_zastavasinin_sexsi_heyeti_serhedlerimizi_istenilen_hava_seraitinde_yuksek_seviyyede_qoruyur-918211

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR