Nəqliyyat Nazirliyinin çox səlahiyyəti yeni quruma VERİLDİ

Nəqliyyat Nazirliyinin çox səlahiyyəti yeni quruma VERİLDİ
16:24 14 Yanvar 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda çox adamı bir sual maraqlandırır. Görəsən, vaxtilə böyük işçi qüvvəsi olan Nəqliyyat Nazirliyinin aqibəti necə olacaq?

İlk öncə onu deyək ki, 2006-cı ildən ölkə ərazisində bir çox səlahiyyətlər əldə edən qurum illər ötdükcə sübut etdi ki, ona etibar olunan səlahiyyətlərin öhdəsindən layiqincə gələ bilməyib.

Milli.Az baku.ws-yə istinadən bildirir ki, qurumun tərkibində olan dəmiryolu sahəsi dağılmağa başladı. Dəmiryolları yavaş-yavaş sıradan çıxır, qatar və vaqonlar dağılırdı. Məhz bunun nəticəsindir ki, nazirliyin tərkibindəki ən vacib qurum olan "Azərbaycan Dəmir Yolları" QSC nazirliyin əlindən alındı. Bundan sonra əvvəllər Nəqliyyat Nazirliyinə aid qurumların gördüyü bəzi inzibati işlər də qurumdan alınaraq Dövlət Yol Polisinə verildi. 

Beləliklə paytaxt nəqliyyatı üçün çox vacib olan "BakuBus" şirkəti yaradıldı. Bununla da qeyri-qanuni sərnişindaşıma ilə məşğulolma hallarının eləcə də, qəza, insan ölümləri dayandı.  

Məhz bu avtobuslar xidmətə başlayandan sonra nazirliyin 5 il ərzində kart sisteminə keçmək istədiyi, ancaq reallaşdıra bilmədiyi müşkül görünən iş qısa müddətdə reallaşdı. "BakuBus" fəaliyyətə başlayandan sonra Nəqliyyat Nazirliyinin birbaşa nəzarətində olan ən nəhəng nəqliyyat xidməti göstərən "Transgeyt" şirkəti də bağlandı və sərnişindaşınmanın keyfiyyəti Avropa standartına uyğunlaşdırıldı. 

Sonradan Nazirliyin daha bir səlahiyyəti əlindən alındı. "Nəqliyyat Nazirliyinin tərkibində Bakı Sərnişin və Yük Daşımalarının Təşkili şöbəsi" bağlandı. Nazirliyin əlindən alınan səlahiyyətlər bununla da bitmədi. Qurumun tərkibindən "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" və "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti də çıxarıldı. 

Nazirlik bağlanmasa da əvəzinə yeni Bakı Nəqliyyat Agentliyi yaradıldı. Nəqliyyat Nazirliyinin, demək olar, bütün öhdəsindən gələ bilmədiyi səlahiyyətləri Bakı Nəqliyyat Agentliyinə verildi. Beləliklə də, Nəqliyyat Nazirliyinin təkcə quru adı və bir neçə kiçik səlahiyyəti qaldı. Bu gün Nazirliyin tərkibində Dövlət Avtomat Nəqliyyat Xidməti fəaliyyət göstərir. Şöbə yalnız rayonlarda fəaliyyət göstərən sərnişindaşımaya nəzarət edir. Lakin qurumda işləyən 550 işçidən 300-dən çoxu ixtisara düşüb. Hazırda xidmət paytaxtda sərnişindaşıma ilə məşğul olan sahibkarların sayını və digər məsələləri təhvil-təslimlə məşğuldur. Qeyri-rəsmi olaraq bildirilir ki, bir müddət sonra isə rayonlara olan nəzarət də qurumdan alınacaq. 

Bundan başqa, hazırda Nəqliyyat Nazirliyinin vaxtilə başladığı Bakı-Tbilisi-Qars layihəsinin bəzi maliyyə məsələlərini də həll etməyə çalışır. Qeyri-rəsmi aldığımız məlumatlara görə, həmin layihənin maliyyə məsələləri Nəqliyyat Nazirliyinə aiddir.

Xatırladaq ki, metronun "20 Yanvar" stansiyasındakı keçid də Nəqliyyat Nazirliyinin balansındadır.  Ekspertlər də hesab edirlər ki, Nəqliyyat Nazirliyi son günlərini yaşayır. Bundan sonra nə nazir Ziya Məmmədovun, nə də nazirliyin yenidən nəqliyyat sahəsinə nəzarət etməsi mümkün deyil. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bildirib ki, hazırda nazirliyin üzərinə düşən fəaliyyət və funksiyalar müvəqqəti xarakter daşıyır.

 "Nəqliyyat Nazirliyi çox səhv siyasət yürüdürdü. İstər paytaxtda, istərsə rayonlarda gördüyü işlər əhaliyə xidmət etməyə deyil, pul qazanmağa hesablanmışdı. Onlar yalnız bir şeyi düşünürdülər, nəqliyyatdan bacardıqca çox gəlir əldə etsinlər. İndi Nəqliyyat Nazirliyinin bundan sonra iş baxımında vəziyyəti düzəltməyə heç bir şansı yoxdur", - deyə Məzhir Rüstəmov bildirib.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/397911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR