Berlin, 18 yanvar, AZƏRTAC
2015-ci ildə Almaniyaya qaçqın axınının və sığınacaq almaq barədə müraciətlərin sayının qat-qat artması ölkədə bürokratik aparatı demək olar ki, tam iflic vəziyyətinə salıb. Belə müraciətlərə baxılması üçün növbə gözləyən ərizələrin sayı bəzən 600 mindən yuxarı olub. Bununla əlaqədar, miqrasiya xidmətlərinin, habelə Miqrasiya və Qaçqınlar Məsələləri üzrə Federal İdarənin (BAMF) əməkdaşlarının sayı artırılıb. İndi belə ərizələrə baxılması müddəti əvvəlki kimi 6 ay deyil, 3 ay olmalıdır.
Hətta qışın oğlan çağında Almaniyaya hər gün 3 minə qədər insan gəlir. Belə adlandırılan təhlükəsiz ölkələrin siyahısına yaxın vaxtlarda Albaniya, Kosovo və Monteneronun da adları əlavə edilib. Nəzəri cəhətdən bu o deməkdir ki, indi həmin ölkələrdən Almaniyada sığınacaq almağa çalışan miqrantları geri qaytarmaq olar. Hazırda Mərakeşə və Əlcəzairə də təhlükəsiz ölkə statusu verilməsinin mümkünlüyü məsələsi müzakirə olunur.
Lakin miqrantların praktiki olaraq geri göndərilməsi çətindir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin