Bakı, 18 yanvar, AZƏRTAC
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti əhalinin piylənməsi ilə mübarizə məqsədilə şəkərə vergi tətbiq etmək qərarına gəlib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bundan sonra ölkənin xəstəxanalarında yerləşən kafelərdə və ticarət avtomatlarında tərkibində böyük miqdarda şəkər olan içki və qidaların qiyməti bahalaşacaq. Bu qərarın pasient, ziyarətçi və tibb müəssisəsi əməkdaşlarının şəkəri az qəbul etmələrinə stimul verəcəyi gözlənilir.
Xatırladaq ki, Britaniyanın Baş naziri Devid Kemeron bir qədər əvvəl bunun əleyhinə çıxsa da, indi piylənmə böhranı ilə əlaqədar şəkər vergisinə dair fikrini yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib. Yaxın zamanlarda hökumət britaniyalı uşaqlar arasında piylənmə ilə mübarizə üzrə tədbirlər kompleksini təqdim etməlidir.