Bakı, 18 yanvar, AZƏRTAC
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə müşaviri Emi Petersen Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tələbələrlə görüşüb.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə görüşdə bu ali məktəbin prorektoru, professor Gülşən Kəngərli qonağa universitetin fəaliyyət istiqamətləri, tədris proqramı barədə məlumat verib.
Görüşdə ADMİU ilə səfirlik arasında mövcud əməkdaşlıq əlaqələrindən söz açılıb. Təhsil sahəsində mühüm nailiyyətlərin əldə olunmasında bu əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonra tələbələrə yeni üç həftəlik layihə barədə məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində yanvar və ya fevral aylarında ABŞ-ın Bond Küçəsi Teatr (Bond Street Theatre) qrupu Azərbaycana dəvət ediləcək. Dörd nəfərdən ibarət qrupun üzvləri ADMİU-nun teatrşünaslıq sahəsində təhsil alan tələbələrinə iki həftəlik təlim kursu keçəcəklər. Təlimlərdən sonra seçilən altı və ya səkkiz tələbə ilə bir həftə ərzində regionlarda məktəblilər və gənclər üçün müxtəlif mövzuları əhatə edən qısa və ödənişsiz tamaşalar göstəriləcək.
Sonda bu proqramla bağlı əməkdaşlığın aparılması üçün universitetlə səfirlik arasında razılıq əldə edilib, layihənin sonunda tamaşaların nümayiş olunacağı regionlar müəyyənləşdirilib.