Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun direktoru, professor İlham Məmmədzadə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız sakinlərin qətlə yetirilməsindən, Azərbaycanın milli müstəqilliyi və azadlığı uğrunda həlak olanların qəhrəmanlığından söz açıb.
Digər çıxış edənlər də 20 Yanvar hadisələrinin elmi, siyasi, tarixi və fəlsəfi mahiyyətindən danışıblar. Qeyd edilib ki, 20 Yanvar yalnız faciə deyil, eyni zamanda, millətin özünəqayıdışıdır.
20 Yanvar tarixinin xalqımızın qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi, eyni zamanda, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurənin oyanış günü olduğu diqqətə çatdırılıb.