Bakı, 19 yanvar, Flora Şükürova, AZƏRTAC
Yanvarın 19-da Abşeron Rəsm Qalereyasında 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil edilən rəsm müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixindəki rolundan söz açıb, bu qanlı terror aktına hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladıb. Qanlı Yanvar gecəsi sovet ordusu tərəfindən amansızlıqla qətlə yetirilən şəhidlərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını deyən natiq qeyd edib ki, hadisələrdən ötən 26 il ərzində Azərbaycan müstəqil bir dövlət kimi böyük inkişaf yolu keçib.
Bildirilib ki, rəsm müsabiqəsini keçirməkdə əsas məqsəd gənc nəslə vətənə sevgi və məhəbbət hissinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, istedadlı şagirdlərin rəsm sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasından ibarətdir.
Sonra qaliblər mükafatlandırılıb.